BAKI, 25 avqust — Sputnik. Türkiyə "qaz qovşağı" layihəsi ilə bağlı Rusiya tərəfi ilə müzakirələri davam etdirir. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə məlumat verib.
"Hazırda müzakirələr gedir. Bizim üçün bu layihə böyük maraq kəsb edir", - agentliyin həmsöhbəti layihənin icrasında "sükut"un yaranması ilə bağlı sualı cavablandırarkən deyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirmişdi ki, Türkiyədə "qaz qovşağı" layihəsinin parametrləri hələ də müzakirə olunur.
CNN Türk-ün daha əvvəl mənbələrə istinadən verdiyi məlumata görə, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında planlaşdırılan danışıqlar zamanı Türkiyə ilə Rusiya arasında enerji layihələri, xüsusən də "qaz qovşağı" layihəsi müzakirə oluna bilər.
Türkiyədə qaz qovşağı layihəsi ilk dəfə ötən ilin oktyabrında müzakirə olunub.
Türkiyə qaz qovşağı ilə bağlı təklifə müsbət reaksiya verib və iki ölkə liderləri müvafiq idarələrə müvafiq işlərə başlamaq barədə göstəriş veriblər.
Qərb mediası daha çox Rusiya qazının idxalı üçün infrastruktur yaradılmasının heç bir mənası olmadığını yazıb və Avropa Komissiyası xatırladıb ki, Aİ Rusiyadan qaz asılılığını tez bir zamanda azaltmağa çalışır. Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən sonra layihə üzrə aktiv danışıqlar dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.