"Otuz ildən artıqdır ki, 1976-cı ildə Tərtərçayın üzərində yaradılmış və hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Sərsəng su anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur. Qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükələr yaradır. Bununla əlaqədar, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib.
"Belə ki, su anbarının idarə olunması zamanı ekoloji, o cümlədən iqlim amillərinin nəzərə alınmaması su səviyyəsinin aşağı düşməsi ilə ekoloji risklərin daha da kəskinləşməsinə səbəb olur. Bu vəziyyət su anbarının fauna və florasına mənfi təsir göstərir, bitki örtüyünün məhv olmasına, balıq ehtiyatlarının azalmasına, quşların təbii yaşayış areallarının itirilməsinə, ətrafdakı meşə ərazilərinin qurumasına, eroziya proseslərinin güclənməsinə, səhralaşmaya və ümumilikdə ekosistemin tarazlığının pozulmasına gətirib çıxarır", - deyə sənəddə vurğulanır.