BAKI, 25 avqust — Sputnik. Cənubi Afrikada keçirilən BRİKS sammiti nəticəsində dövlətlərarası assosiasiyadakıların sayı birdən-birə altı üzv artıb - Səudiyyə Ərəbistanı, Misir, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və İran gələn il təşkilatın tamhüquqlu üzvü olacaqlar. Bu genişlənmə nəticəsində BRİKS ölkələri dünya ÜDM-nin 37%-ni və dünya neft ehtiyatlarının, təxminən 45%-ni təşkil edəcək.
Qeyd edək ki, BRİKS-ə qoşulmaq üçün yuxarıda göstərilən ölkələrlə yanaşı əvvəllər Əlcəzair, Bəhreyn, Venesuela, Küveyt, Mərakeş, Nigeriya və s. təşkilata üzv olmaq üçün müraciət ediblər. BRİKS-in yeni üzvlərinin və təşkilata qoşulmaq üçün müraciət edən namizədlərin siyahısına baxsaq, onların bir çoxunun dünya bazarına böyük neft və qaz tədarükçüləri olması nəzərə çarpır.
Eyni zamanda qeyd etmək lazımdır ki, BRİKS-in sonrakı genişlənməsindən sonra qrupa OPEC+ və ya Qaz İxrac Edən Ölkələr Forumunun üzvü olan ölkələr də daxil olacaq. Yəni, BRİKS çərçivəsində dünya neft və qaz ehtiyatlarının və hasilatının, təxminən 60%-nə faktiki nəzarət ediləcək.
Ekspertlər hesab edirlər ki, BRİKS-in yeni üzvləri təşkilatın dünya enerji bazarında çəkisini gücləndirəcək, eyni zamanda bir sıra proseslərin sürətlənməsinə, xüsusən də neft bazarının de-dollarizasiyasına gətirib çıxaracaq.
Neft dollardan qurtulur
Cənubi Afrikada keçirilən görüşün yekun bəyannaməsinin bəndlərindən biri ticarətin de-dollarizasiyası məsələsi olub. Belə ki, bəyannamədə deyilir ki, BRİKS-ə üzv ölkələrin liderləri həm təşkilatın üzvləri, həm də onun ticarət tərəfdaşları ilə maliyyə əməliyyatlarında milli valyutalardan daha aktiv istifadənin tərəfdarı olublar.
Bundan başqa, sənəddə qeyd olunur ki, BRİKS ölkələrinin liderləri öz ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərlərinə bu məsələ üzərində işləməyi və növbəti sammit üçün inkişafları təqdim etməyi tapşırıblar.
Həqiqətən də bu gün ticarətdə dollardan imtina məsələsi hər bir BRİKS ölkəsi üçün aktualdır. Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran kimi iri neft tədarükçüləri neft ixracı üçün kommersiya müqavilələrində dollardan qismən imtina ediblər. Ən böyük neft idxalçıları, ilk növbədə, Çin və Hindistan da oxşar qərarın tərəfdarıdır. Məsələn, Çin Rusiya ilə hesablaşmalarının bir hissəsini yuana çevirdi, Hindistan və BƏƏ isə avqustun ortalarında rupi və Əmirliyin dirhəmində, təxminən 1 milyon barel neft satmaq üçün ilk sövdələşmələrini etdi.
Hətta bir vaxtlar ABŞ valyutası ilə neftin alqı-satqısının əsas tərəfdarı olan Səudiyyə Ərəbistanı da bu yaxınlarda ticarət hesablaşmalarında dollara alternativ valyutalara keçid məsələsi üzərində iş apardığını açıqlayıb.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, neft bu gün demək olar ki, ABŞ valyutasını dəstəkləyən yeganə aktiv olaraq qalır: illik çoxmilyard dollarlıq əməliyyatlar ona dünya ticarətində dominantlıq etməyə imkan verir, həmçinin öz dəyərini süni şəkildə qoruyub saxlayır.
Ehtimal olunur ki, BRİKS ölkələri ticarətdə milli valyutalara keçid prosesini sürətləndirməyə razılıq verdikdən sonra eyni assosiasiyaya üzv olan neft tədarükçüləri və alıcılarının dollardan imtina etməsi daha asan olacaq. Bu halda dollar neft kontraktlarını əvvəllər gözlənildiyindən xeyli tez itirəcək və bu da onun enerji dünyasında hegemonluğunu əhəmiyyətli dərəcədə azaldacaq.
Ortaq mövqe, birgə qərarlar
BRİKS-in enerji dünyasının aparıcı ölkələrinin hesabına genişlənməsi Qərbin diqqətindən kənarda qala bilməz. Belə ki, ekspertlər hesab edirlər ki, Qərb, xüsusən də ABŞ ilk növbədə OPEC+ çərçivəsində neft tədarükçülərinin mövqelərinin yaxınlaşmasından qorxur.
Əgər əvvəllər OPEC+ üzvləri neft hasilatının səviyyəsi ilə bağlı fikir ayrılığına düşmüşdülərsə, BRİKS çərçivəsində əməkdaşlıq qara qızıl ixracatçılarının mövqelərini bir araya gətirəcək və hərəkətlərin əlaqələndirilməsinə şərait yaradacaq. Xatırladaq ki, 2021-ci ilin yayında BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında könüllü hasilatın azaldılması ilə bağlı ciddi mübahisə yaranmışdı, o zaman krallıq hasilatı azaltmağa çalışmış, əmirliklər isə bununla razılaşmamışdı. Amma OPEK rəhbərliyi gərginliyin dərəcəsini azaltmağa və hər iki tərəf üçün kompromis həll yolu tapmağa nail oldu.
Ekspertlər hesab edirlər ki, BRİKS çərçivəsində əməkdaşlıq neft ixracatçılarına konkret məsələ üzrə daha effektiv yol xəritəsi yaratmağa imkan verəcək və təşkilat çərçivəsindəki əməkdaşlıq ölkələrin dialoqunda “kəskin küncləri” hamarlaşdıracaq.
Bundan əlavə, dünya bazarına qaz tədarük edən ölkələr BRİKS çərçivəsində əməkdaşlıq etməklə OPEK-in analoqunun yaradılması layihəsini reallığa çevirə bilər. Məsələn, bir müddətdir ki, mavi yanacaq bazarını tənzimləyən və kəskin qiymət artımının qarşısını alan “qaz OPEK”inin yaradılması məsələsi yenidən aktuallaşıb. Bu təşəbbüs Avropa qaz birjasında qazın qiyməti 2022-ci ildə 1000 kubmetr üçün 2000 dollara qalxdıqdan sonra daha da aktuallaşıb, sonra isə demək olar ki, bir il ərzində az qala 300 dollara düşüb.
Analitiklər istisna etmirlər ki, BRİKS-ə yeni üzvlərin, xüsusən də İranın, ardınca isə Əlcəzair və Nigeriyanın daxil olmasından sonra Rusiya Federasiyası və İran tərəfindən fəal şəkildə irəli sürülən qaz alyansı yaratmaq təşəbbüsü BRİKS-də həmfikirlərini tapa bilər.
Bu gedişat mavi yanacağın əsas idxalçıları olan Avropa ölkələrinin ürəyincə olmaya bilər. Axı, “qaz OPEK”inin yaradılması qaz tədarükünün həddindən artıq olmasının qarşısını almaq üçün dünya bazarına qaz nəqlini tənzimləməyə imkan verəcək. Bu isə qiymətləri ilk növbədə istehsalçılar üçün faydalı olan səviyyədə saxlamaq deməkdir.
BRİKS ölkələrindən idxalçılar prioritetdir
Qərbi narahat edən digər məsələ neft və qaz ehtiyatlarının tədarükü bazarlarıdır. Belə ki, enerji bazarında, xüsusən də qısamüddətli müqavilələr çərçivəsində vaxtaşırı neft və qaz tədarükü üçün güclü rəqabət yaranır. Xüsusilə, mayeləşdirilmiş təbii qaz və neft tez-tez daha yüksək qiymətli bazarlara yönəldilir. Bu səbəbdən ötən qış Avropada bir sıra istehlakçılar Asiya bazarına çıxarılan MTQ-siz qalıblar.
BRİKS çərçivəsində neft və MTQ tədarükçüləri və istehlakçıları assosiasiyası analitiklərə inanmağa əsas verir ki, bu təşkilatın üzvü olan enerji istehsalçıları tədarük zamanı BRİKS tərəfdaşlarına, xüsusən də Çin və Hindistana üstünlük verəcəklər.
Bundan əlavə, nəqliyyat və logistika marşrutlarının inteqrasiyası, Qərb maliyyə strukturlarından asılı olmayan ödəniş sistemlərinin inkişafı, eləcə də BRİKS-in artıq öz üzvlərinə təklif etdiyi və gələcəkdə də təklif edəcəyi digər üstünlüklər belə nəticəyə gətirib çıxaracaq ki, assosiasiya daxilində enerji ticarəti onun iştirakçıları üçün daha cəlbedici olacaq.
Ümumiyyətlə, hesab edilir ki, BRİKS çərçivəsində enerji bazarının ən böyük oyunçularının birliyi dünyanın enerji xəritəsini yenidən formatlayacaq, resursların ticarəti qaydalarını dəyişəcək, həmçinin assosiasiya iştirakçıları arasında əməkdaşlığı gücləndirəcək və onların üzərində Qərb hegemonluğuna son qoyacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.