PAYTAXT XƏBƏRLƏRİ

Şəhər yarış meydanı deyil, adrenalini motodromda çıxarmaq məsləhətdir - Ekspert - VİDEO

Cari ilin yeddi ayı ərzində 371 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, həmin qəzalarda 242 nəfər həyatını itirib, eyni sayda hərəkət iştirakçısı isə yaralanıb.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Cari ilin yeddi ayı ərzində qeydə alınan göstəricilərə əsasən demək olar ki, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması halları sürücülər tərəfindən ən çox yol verilən qayda pozuntularıdır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib
Onun sözlərinə görə, qeyd olunan dövrdə ərzində nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi nəticəsində 371 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, həmin qəzalarda 242 nəfər həyatını itirib, eyni sayda hərəkət iştirakçısı isə yaralanıb. Kobud qayda pozuntusu hesab edilən qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması halları ilə bağlı isə 331 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 140 nəfər dünyasını dəyişib, 354 nəfər isə xəsarət alıb.
Polis zabiti həmçinin bildirib ki, qeyd olunan statistika onu deməyə əsas verir ki, sözügedən qayda pozuntularının mütləq əksəriyyəti onları törədən sürücülərdə yol hərəkəti qaydalarına əməl etmək baxımından şəxsi məsuliyyət hissinin qənaətbəxş olmamasından, özlərinin və digər günahsız insanların həyat və sağlamlıqlarına biganə yanaşmasından qaynaqlanır:

"Dəfələrlə xəbərdarlıq edilməsinə, nəzarət-profilaktik tədbirlərin gücləndirilməsinə, maarifləndirmə və təbliğat işlərinin aparılmasına baxmayaraq, polisin vizual, yaxud xüsusi texniki vasitələrdən istifadə etməklə apardığı nəzarət tədbirlərindən yayınan intizamsız sürücü dərhal bunu fürsət bilərək qaydaları pozmağa meyl edir, şəxsi və cəmiyyət qarşısındakı məsuliyyət hissini unudur. Sürətin məsafəni deyil, ömrü qısaltığını aydın dərk edən sürücü bu həqiqəti şüurlu olaraq inkar edirsə, bu artıq şəxsin öz həyatına, doğmalarına, eləcə də ictimai münasibətlərə biganə yanaşmasından xəbər verir".

M.Ağayev onu da bildirib ki, hazırda DYP-nin xidməti fəaliyyətinin əsas prioritetlərdən biri də, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında nəzarət və inzibati tədbirlər yanaşı yol hərəkət iştirakçıları arasında təbliğat-təşviaqat və maarifləndirmə işlərinin gücləndirilməsinə, hazırda icra olunan Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, bu sahədə vətəndaş cəmiyyəti inistitutları ilə birgə əməkdaşlığa nail olmaqdır.
Bir müddət öncə axşam saatlarında Heydər Əliyev prospektində baş verən qəza sürət həddi problemini bir daha gündəmə gətirib. Bu kimi bədbəxt hadisələrin qarşısını almaq üçün nələr etməliyik?
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötənilki araşdırmalar zamanı da bəlli olub ki, yol qəzalarının baş verməsinin əsas səbəblərindən biri yol hərəkəti iştirakçılarının bilərəkdən qaydaları pozmasıdır:
"Manevr qaydalarını pozulması, ötmə əməliyyatlarının düzgün icra olunmaması, dönərkən işıqların yandırılmaması, həmçinin sürət həddinin aşılması kimi səbəblər var".
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov
"Qəzaların qarşısının alınması istiqamətində sürət həddinin aşağı salınması da atılan əsas addımlardandır. Sürət həddinin endirilməsi baş verə biləcək ağır qəzaların qarşısını alır", - deyə o əlavə edib.
Ekspert həmçinin bildirib ki, əsa nəqliyyat arteriyalarında biri olan Heydər Əliyev prospektində sürət həddi 70 km-dən az ola bilməz:

"Təəssüflər olsun ki, bu yolda da 120, 140 ilə sürən məsuliyyətsiz sürücülər var. Problem ondan qayanaqlanır ki, bu gün Azərbaycanda tənbeh vasitəsi olaraq cəza və cərimələrin artırılmasına üstünlük verilir, nəninki maarifləndirmə işinin təşkilinə. Cərimə sisteminin olduğu bir yerdə isə qəzaların sayının azaldılmasında çətinlik çəkəcəyik".

Nəqliyyat üzrə digər ekspert Rauf Ağamirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəhərdə sürətin azaldılması önəmlidir:
"Şəhərdə əhali sıx yaşadığından hansısa qəza qaçılmazdır. Yüksək sürətlə hərəkətin qarşısını almaq üçün müəyyən iş görsək də bu yarımçıq qalıb. Sürətə görə cərimələri artırmışıq. Bəs sürətli sürməmək üçün nə etmişik? Təkcə cəza ilə iş bitmir".
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev

"İnfrastrukturu da buna uyğunlaşdırmaq lazımdır. Elə etmək lazımdır ki, sürətlə hərəkət mümkünsüz olsun. Koroğlu küçəsindən Yusif Səfərov küçəsinə qədər olan hissə demək olar ki, magistrala çevrilib. Orda bir sıra dəyişikliklərə ehtiyac var. Təhlükəsizlik adacıqları qurulmalıdır. Düşünürəm ki, cəza və radarların sayınını artırılması ilə bunu tənzimləyə bilmərik".

"Küçələrin sakitləşdirilməsi üçün təhlükəsizlik adacıqları olmalıdır, eyni səviyyəli keçidlər qurulmalıdır. Sürətli yolun fəsadları daha çoxdur, nəinki faydası", - deyə ekspert vurğulayıb.
Digər çıxış yolu matadromların qurulmasıdır
Ekspert onu da bildirir ki, adrenalin həvəskarı olanlar küçələri deyil, motodromları seçə və burada adrenalin yaşaya bilərlər:

"Heydər Əliyev prospektində bloqer "Nikosayağı"nın düşdüyü qəzadan sonra sosial şəbəkədə təşkil olunan müzakirə zamanı bir nüans diqqətimi çəkdi. Sosial şəbəkə istifadəçilərindən biri yazırdı ki, insanların adrenalin çıxarma istəkləri nəzərə alınmalıdır.Yəni şəxslər adrenalin yaşamaq istəyənlər üçün belə bir sual ortaya çıxır: onlar bu istəyi harada və necə reallaşdırmalıdır. Vaxtilə Bakıda motodrom olsa da, sonradan ləğv olunub. Yarışmaq istəyən, adrenalini söndürmək istəyən gənclər üçün belə bir motodromun bərpası çox yaxşı olardı. Şəhər küçələri yarış meydanı deyil", - deyə ekspert bildirib.

"Fiziki olaraq sürətin aşılmaması üçün də həllər təklif etməliyik", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Sərnişin və yük daşıma qaydalarının pozulmasına görə yeni cərimələr təsdiqlənib - SİYAHI