NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Ölkələrin iqtisadi göstəricilərinin aşağı düşməsi nefti ucuzlaşdırır

ABŞ-də, Böyük Britaniyada, Yaponiyada, Almaniyada iqtisadi göstəricilər aşağı düşüb. Bu da neft qiymətlərinə təsir göstərir.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətləri aşağı düşüb. Bir sıra ölkələrin zəif iqtisadi göstəriciləri qiymətləri ucuzlaşdırıb. Çünki zəif iqtisadi göstəricilər neftə olan tələbi aşağı salacağı ilə bağlı narahatlıq var. Bu da qiymətlərə təsir göstərir. Məsələn, ABŞ-də, Böyük Britaniyada, Yaponiyada, Almaniyada iqtisadi göstəricilər aşağı düşüb.
"Brent" markalı neft 26 sent və ya 0,3% ucuzlaşaraq 82,95 dollara, ABŞ-ın Qərbi Texas nefti 30 sent və ya 0,4% ucuzlaşaraq 78,59 dollara düşüb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,03 dollar yaxud 1,16% azalaraq 87,65 dollar təşkil edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyuldan sentyabr ayına qədər hasilatı sutkada daha 1 milyon barel azaltmaq niyyətindədir və Rusiya avqustda ixracı sutkada 500 min barel azaltmağı planlaşdırır. Bu addımlar tədarükün məhdudlaşdırılması və qiymətləri dəstəkləmək üçün razılaşmanın bir hissəsidir.
Xatırladaq ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib. Ötən həftə ABŞ dollarının güclənməsi və Çində iqtisadi yavaşlama narahatlığı neftin ardıcıl 7 həftəlik bahalaşmasını dayandırmışdı.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.