RUSİYA

Lavrov: "Yeni üzvlərin daxil olmasından sonra BRİKS futbol komandası kimi olub"

BRİKS-ə qoşulan yeni ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Beş ölkədən ibarət BRİKS assosiasiyası altı yeni tamhüquqlu üzv qəbul edilməklə futbol komandası kimi olub.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov zarafatla söyləyib.
Sammit zamanı Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Argentina, Misir, İran, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını BRİKS-ə qoşulmağa rəsmən dəvət etdiyini açıqlayıb. O bildirib ki, BRİKS-ə qoşulan yeni ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən başlayacaq.
"Hər il Baş Assambleyada biz nazirlər səviyyəsində toplaşırıq. Hazırda mənə elə gəlir ki, biz artıq 2024-cü il yanvarın 1-ini gözləməyəcəyik, BRİKS-in gələcək sədrləri kimi, yeni üzvlərlə, onlara kömək etmək üçün əvvəlcədən əlaqə quracağıq, işə başlamalarına kömək edəcəyik ki, Kazandakı zirvə görüşünə qədər on bir üzvün hamısı – bizdə belə bir futbol komandası yarandı – bütün on bir üzv bizim sədrliyimizin artıq elan etdiyi məsələlərlə tam şəkildə məşğul ola bilsin", - deyə Lavrov jurnalistlərə bildirib.