BAKI, 24 avqust — Sputnik. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı beton piltələrin çökməsi nəticəsində dənizə düşüb. Bu barədə Sputnik Azərbaycan-a sorğusuna cavab olaraq "Azneft"dən məlumat verilib.
Bildirilib ki, NQÇİ-nin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən "Neftqaztikinti" trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Şirvan Ataş oğlu Ağaməmmədov və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Şamo Mətləb oğlu Nərimanov beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.
"Azneft"dən bildirilib ki, aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb:
"Hadisə nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.