AZƏRBAYCAN XƏBƏRLƏRİ

Lüksemburqu Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməyə çağırırıq - İcma

Qərbi Azərbaycan İcması Lüksemburqu Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməyə, xüsusilə onun xarici işlər nazirini Azərbaycanofobiya mərəzindən qurtulmağa çağırır.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Qərbi Azərbaycan İcması Lüksemburqun xarici işlər nazirinin Azərbaycana qarşı yönəlmiş 2023-cü il 23 avqust tarixli açıqlamasını kəskin şəkildə pisləyir.
İcmadan bildirilib ki, Lüksemburqun və onun uzun müddətdən bəri qatı anti-Azərbaycan mövqeyi sərgiləyən xarici işlər nazirinin belə açıqlamaları gülüş və kinayə doğurur. Azərbaycan ictimaiyyəti Lüksemburqun ədalətsiz, düşmən mövqeyini xüsusən Vətən müharibəsindən yaxşı xatırlayır.
Lüksemburq bəşəri dəyərlərə, beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik nümayiş etdirir. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırmayan, biz qərbi azərbaycanlılar da daxil olmaqla, yüz minlərlə azərbaycanlının öz dədə-baba yurdlarından qovulmasına göz yuman Lüksemburqun indi Azərbaycana hansısa çağırış etməsi üçün mənəvi hüququ yoxdur.
Qərbi Azərbaycan İcması Lüksemburqu Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməyə, xüsusilə onun xarici işlər nazirini Azərbaycanofobiya mərəzindən qurtulmağa çağırır.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.