HƏRBİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbçilərlə görüşüb

Tədbir çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması, psixoloji sağlamlıqlarının qorunması məqsədilə söhbətlər aparılıb, lazımi tövsiyələr verilib.
Sputnik
BAKI, 23 avqust — Sputnik. Milli-mənəvi dəyərlərimizin təbliği, hərbi qulluqçulara vətənpərvərlik hissinin aşılanması məqsədilə müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyindən bildiriblər ki, 2023-cü il üçün imzalanan birgə tədbirlər planına uyğun olaraq Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri "N" hərbi hissəsində şəxsi heyətlə görüşüb, onlarla söhbətlər aparıblar.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması, psixoloji sağlamlıqlarının qorunması məqsədilə söhbətlər aparılıb, lazımi tövsiyələr verilib. Həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.