Azərbaycanda kağız və rəqəmsal sənədlər eyni hüquqi qüvvəyə malik olacaq - VİDEO
Sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportunu da elektron olaraq sənəd kimi əldə etmək mümkün olacaq.
SputnikBAKI, 24 avqust — Sputnik. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Rəqəmsal Hökumət Platformasının yaradılması istiqamətində işlərə başlanılıb. İlkin olaraq platformanın dizaynı hazırlanıb və ona əlavə olunacaq xidmətlər müəyyən edilib. Vətəndaşlar bu platforma üzərindən xidmətlərə müraciət edə biləcəklər. Həmçinin xidmət üzrə nəzərdə tutulan ödənişləri həyata keçirə biləcəklər. Bundan əlavə, vətəndaşlara təyin olunan müavinət və digər ödənişləri də vətəndaşlar platforma üzərindən qəbul edə biləcəklər. Övladı dünyaya gələn vətəndaşa bildiriş gələcək və bununla da vətəndaş birbaşa müraciət edərək doğum haqda şəhadətnaməni, eləcə də müavinəti onlayn qaydada almış olacaq.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Hökumət Layihələrinin və Məhsullarının İdarəolunması Departamentinin Baş Layihə Meneceri Tural Həsənov Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.
O bildirib ki, elektron sənəd deyərkən real həyatda fiziki olaraq standartı müəyyən olunan sənədlər nəzərdə tutulur. Bu istiqamətdə portala əlavə olunması üçün sənədlər müəyyən edilib:
"Bura sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, doğum haqqında şəhadətnamə, nikah şəhadətnaməsi və s. aiddir".
T.Həsənov onu da bildirib ki, rəqəmsal hökumət platformasının yaradılması istiqamətində müxtəlif ölkələrin təcrübələri öyrənilib:
"Buna nümunə olaraq Ukrayna, BƏƏ, Sinqapur kimi ölkələri nümunə göstərmək olar".
Hazırkı vəziyyətdə isə hələlik ki, keçid prosesi davam edir
İKT üzrə ekspert Osman Gündüz bildirib ki, Azərbaycanın "e-Gov" mobil tətbiqindəki məlumatların hələlik belə bir statusu yoxdur və sistemə inteqrasiya tam başa çatmayıb:
"Hələlik ki, ölkəmizdə vahid bir servisdən, məsələn, "e-Gov" mobil tətbiqindən, yaxud portaldan "rəqəmsal sənədlər" xidmətini almaq mümkün deyil. Buradakı elektron məlumatlar, sadəcə məlumatlardı, sənəd statusuna malik deyil. Hazırda İRİA bu istiqamətdə ciddi işlər görür. Lakin pərakəndə halda olan "e-Gov" portallarının birləşdirilməsi, superportalın yaradılması məsələsi ləngiyir. Ümid edirəm RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaxın zamanlarda heç olmasa az sayda da olsa "rəqəmsal sənəd" statusuna malik olan məlumatları vahid bir servisdən telefonlarımıza inteqrasiya edə biləcək".
Ekspert qeyd edir ki, Azərbaycanda adında "elektron" sözü olan sənədi yenidən kağıza çap etməklə tələb edən dövlət və özəl qurumlarımız var.
"Ayrı-ayrı dövlət qurumları, bu istiqamətdə addımlar atıb, elektron çıxarışlar, rəqəmsal sənədlər təqdim edir. Məsələn Ədliyyə Nazirliyi "Mobil notariat" tətbiqi vasitəsilə etibarnamələrin rəqəmsallaşmasını tam həll edib", - deyə o əlavə edib.
Ekspert qeyd edir ki, hazırda Ədliyyə Nazirliyi ədliyyə xidmətlərinin rəqəmsallaşması sahəsində nəhəng işlər görüb.
İKT üzrə ekspert Fərid Kazımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda elektron qaimə təsdiqini tapsa da, yenə də qaimənin möhürlü olması və sənəd formasında təqdim olunması tələb edilirdi.
"Ümid edirəm ki, yaxın zamanda bu kimi problemlər aradan qalxar. Rəqəmsal, elektron sənədlərə keçid tamamilə yeni eradır. Sənədlər elektron olaraq tanınmalıdır və bu proses artıq gedir. Qanunvericilik də elektron sənədləri tanıyır", - deyə ekspert vurğulayıb.
Ekspert vurğulayır ki, böyük ehtimalla yaradılacaq superportal e.Gov.az-a alternativ olacaq.
Digər ekspert Elvin Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bunadək Azərbaycanda "e-gov", "mygov" və digər qurumların yaratdıqları sistemlər daha çox informativ xarakter daşıyırdı:
"Orada müraciətlər məhdud səviyyədə idi. Digərləri ilə müqayisədə onlayn notarial xidmət daha yaxşıdır. Burada onlayn olaraq müəyyən xidmətlər, vəkalət, etibarnamə vermək olurdu. Burada "Smart custom" kimi onlayn əməliyyat aparmaq üçün funksionallıq çoxdur. Lakin bunlar daha əvvəlki dövrdə yaranmış elektron sistemlər idi. Artıq yeni dövrün öz çağırışları var".
Dünyadakı təcrübə necədir?
"Digər ölkələrdəki elektron dövlət tətbiqlərinin 90 faizi funksional əhəmiyyət daşıyır. Bu o deməkdir ki, şəxs həmin platforma üzərindən müraciət edir, sənədlər əldə edir. Həmin elektron sənədlər də real sənəd statusu daşıyır. Hətta sizə ehtiyac olmadan qurumlar öz aralarında arayışı bir-birinə alıb ötürürlər. Bu satınalma əməliyyatları zamanı bir sıra arayışlar tələb olunur. Məsələn, məhkumluq və s arayışları bura aid etmək olar", - deyə E.Abbasov əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda sənədləri elekron cüzdandan onlayn sənəd statusunda əldə etmək və onu aidiyyəti üzrə təqdim etmək mümkün olacaq. Sonrakı müstəvidə sənəd təqdim etdiyimiz qurum bizim məlumatlarımızı görə biləcək və digər sənədlər tələb olunacaq:
"Hazırda Azərbaycanda İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin əsas baxış bucağı belədir. Yəni, bu istiqamətdə superportal, insanyönümlü bir sistemin yaradılması və fəaliyyəti nəzərdə tutulub. Bu o deməkdir ki, vətəndaşla dövlət arasındakı münasibətlər tam funksional hala gələcək. Vətəndaşlar lazımi sənədi sənəd statusunda ala biləcəklər".
Xatırladaq ki, Qazaxıstanda artıq vətəndaşlarla bağlı 27 kağız sənəd tam rəqəmsallaşdırılıb. Yəni, Qazaxıstan vətəndaşının eGov mobil tətbiqində olan şəxsiyyət vəsiqəsi, pasport, etibarnamələr, sürücülük vəsiqəsi, ali məktəb diplomu, kollec diplomu, müvəqqəti yaşamaq üçün icazə, doğum haqqında şəhadətnamə, nikah sənədi, sığorta polisi və digər məlumatlar tam olaraq "rəqəmsal sənəd" statusuna malikdir. Yəni, Qazaxıstan vətəndaşı ölkənin istənilən yerində telefonunda "e-Gov" mobil tətbiqinə daxil olmaqla bu informasiyaları təqdim edə bilər. Çünki bu məlumatlar orijinal, kağız formada olan sənəd statusuna malikdir.
Yəni, artıq heç bir yerdə Qazaxıstan vətəndaşından ənənəvi şəxsiyyət vəsiqəsi tələb edilməyəcək. Bunun üçün telefonda "e-Gov" mobil tətbiqindəki elektron məlumat, "Rəqəmsal şəxsiyyət vəsiqəsi"nini olması yetərlidir.
Nəticə olaraq qeyd edək ki, tətbiq olunacaq yeniliklərlə vətəndaş xidmətlərə müraciət edən zaman fiziki formada şəxsiyyət vəsiqəsinin istənilməsinə ehtiyac qalmayacaq. Vətəndaş mobil tətbiq vasitəsilə öz məlumatlarını qarşı tərəflə bölüşəcək və kağız formada sənədə ehtiyac qalmadan vətəndaşın identifikasiya olunması təmin olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.