BAKI, 23 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin polis əməkdaşları ilə birgə aparılmış reyd zamanı Ağcabədi rayonu, Aşağı Avşar kəndində vətəndaş Nəbiyev Elmir Kərim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.
Yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ hüquqi aktların tələblərinə cavab verməyən 150 kq istehlaka yararsız ət aşkarlanıb.
Müayinələrin aparılması üçün ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edlib. Eyni zamanda istehlaka yararsız ət saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.
Dünən Cəlilabadda at ətinin mal əti adı altında satışının qarşısı alınıb
Onu da xatırladaq ki, dünən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində ciddi təhlükə yaradan halların qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Cəlilabad rayonunda istehlaka yararsız ölü at ətinin mal əti adı altında satışını təşkil edən rayon sakini Ağalar Mənsimov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Cəlilabad və ətraf ərazilərdən xəstə, təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
Ağalar Mənsimovun Cəlilabad rayonunun Suluçeşmə kəndində yerləşən həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən istehlaka yararsız 1 tondan artıq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin istehlaka yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.