BAKI, 23 avqust — Sputnik. Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Abbasov Məhərrəm Abbas oğlunun dəfn mərasimi keçirilib.
APA xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
O, Keşlə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn edilib.
Məhərrəm Abbasov 1961-ci il 26 fevralda Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. O, 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı itkin düşüb. Onun meyitinin qalıqları Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.
Prezident İlham Əliyev 2021-ci ilin martın 16-da Daşaltı kəndində olub. Dövlət başçısı bildirib ki, məhz bizim Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olublar. Prezident İlham Əliyev elə həmin günü kəndin bərpası ilə bağlı tapşırıqlarını verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.