BAKI, 22 avqust — Sputnik. Qərb mediasının yazdığı kimi Türkiyə taxıl sövdələşməsinə dair gizli danışıqlar aparmır, Ankaranın təşəbbüsləri və məqsədləri son dərəcə açıqdır, tərəfdaşlar bundan xəbərdardırlar. Bu barədə Türkiyə prezident administrasiyasındakı mənbə RİA Novosti-yə bir sıra Qərb KİV-lərinin xəbərlərini şərh edərkən bildirib.
Qərb KİV-ləri Ankaranın taxıl müqaviləsi üçün alternativ yollar üzərində danışıqlar apardığını iddia edir.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
"Qərb mediasının guya hansısa gizli, pərdəarxası danışıqların getdiyinə dair iddialarından xəbərdarıq. Bunları şərh etməyə dəyməz. Cənab prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara bütün tərəflərin gözləntilərini nəzərə alaraq taxıl sazişinin bərpası üzərində işləyir. Bizim təşəbbüslərimiz, məqsədlərimiz son dərəcə açıq və aydındır. Türkiyə tərəfinin başqa məqsədləri yoxdur, bizim məqsədlərimizdən xəbərdar olan bütün tərəflərlə açıq, səmimi dialoq var. Bütün bu nəşrlər Türkiyənin səylərini "şeytanlaşdırmaq" məqsədi güdür", - deyə mənbə bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.