BAKI, 22 avqust — Sputnik. Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Haftarın dəvəti ilə Liviyaya ilk rəsmi səfərə gəlib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"2023-cü il avqustun 22-də Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Haftarın dəvəti ilə Rusiya Federasiyası Müdafiə nazirinin müavini, general-polkovnik Yunus-Bek Yevkurovun başçılıq etdiyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Liviyaya gəlib", - Rusiya MN bildirib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi vurğulayıb ki, bu, Rusiya hərbi nümayəndə heyətinin Liviyaya ilk rəsmi səfəridir.
Səfər 11-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı və Ordu-2023 hərbi-texniki forumunda Rusiya-Liviya danışıqlarının yekunlarına əsasən reallaşıb.
"Səfər zamanı beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlığın perspektivləri, eləcə də birgə fəaliyyətin digər məsələlərinin müzakirə edilməsi planlaşdırılır", - məlumatda deyilir.