BAKI, 22 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan və Özbəkistan aviareyslərin sayının artırılması barədə razılığa gəlib
Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəlib.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.
“Əgər aviasiya haqqında danışsaq, deyə bilərik ki, bizdə həftədə 15 reys həyata keçirilir, biz isə daha da artırmaq barədə razılığa gəldik. Bu nə deməkdir? Bir-birimizə daha çox gedəndə biz tanıyırıq, öyrənirik, həm görüşürük, həm də yaxınlaşırıq”, - deyə Ş.Mirziyoyev əlavə edib.
Ali Dövlətlərarası Şuranın yaradılması yüksək etimadın göstəricisidir
"Əgər biz bu gün razılaşdığımız hər şeyi yerinə yetirsək, onlar həyata keçiriləcək, həm Özbəkistan iqtisadiyyatı, həm də Azərbaycan iqtisadiyyatı üçün uğurlar olacaq" - deyib.
“Bizim yaratdığımız Ali Dövlətlərarası Şura etimadın ən yüksək səviyyəsi və razılaşdırdığımız strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır. Ona görə də düşünürəm ki, ölkə Prezidenti seçildikdən sonra ilk səfərimdən çox məmnunam”, - deyə Özbəkistan Prezidenti əlavə edib.
Özbəkistan Azərbaycanın uğurlarına çox sevinir
Mirziyoyev qeyd edib ki, yaxın qonşular, yaxın ölkələr kimi Azərbaycanın uğurları ilə fəxr edir, onlara sevinirlər:
"Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumiyyətlə son illərdə bütün istiqamətlərdə uğurları ilə qürur duyuruq. Yaxın qonşular kimi biz çox sevinirik və Azərbaycana uğurlar arzu edirik”.
Azərbaycan münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir
"Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir" - Şavkat Mirziyoyev deyib.
İlk dövlət səfərini Azərbaycana etdiyini söyləyən Ş.Mirziyoyev bildirib: “Çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqı bu münasibətlərlə fəxr edir və bizim əlaqələrimizin, səfərlərimizin nəticələrini görürlər”.
Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini hər iki ölkədə layihələrin praktiki olaraq reallaşmasında görəcək
"Biz doğru yoldayıq"
Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki olaraq reallaşmasında görəcək.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu yaxınlarda 500 milyon dollarlıq nizamnamə fondu ilə yaradılan birgə investisiya fondu bu məbləği çox sürətlə mənimsəyəcək və onu artırmaq lazım gələcək.
“Bütün bunlar yenə də ondan xəbər verir ki, biz doğru yoldayıq, prezidentlərin qarşıya qoyduqları vəzifələr yerinə yetirilir. Şavkat Miromonoviçlə bir neçə il əvvəl razılığa gəldiyimiz kimi, biz verilən bütün tapşırıqların icrasına mütəmadi rejimdə nəzarət edirik. Bu, uğurun əsas şərtlərindən biridir”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var
"Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var, dostluq və qardaşlığın bütün dövrü ərzində biz həmişə bir-birimizin yanında olmuşuq, bir-birimizi dəstəkləmişik" - İlham Əliyev deyib.
Sabah Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Azərbaycana hədiyyə edilmiş məktəbin açılışında iştirak edəcəklərini bildirən dövlətimizin başçısı qeyd edib: “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək qiymətləndiririk. Artıq onu da demək lazımdır ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən mayda Füzuliyə səfərim zamanı tikinti işləri ilə tanış oldum və Özbəkistanın bizə bağışladığı həmin qardaş hədiyyəsinin miqyasını əyani şəkildə gördüm”.
Məktəbin özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıdığını vurğulayan Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu, təkcə təhsil ocağı deyil, həm də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. O, həmçinin əlavə edib ki, dörd gün əvvəl keçmiş köçkünlər olan Füzuli şəhərinin ilk sakinləri öz doğma yurdlarına qayıdıblar və artıq yaxın vaxtlarda, bir aydan da az bir müddətdə uşaqlar Özbəkistandan olan qardaşlarımızın hədiyyə etdikləri məktəbdə oxumağa başlayacaqlar.
Azərbaycanın və Özbəkistanın enerji şirkətləri sıx qarşılıqlı fəaliyyət göstərirlər
Əliyev qeyd edib ki, Azərbaycanın və Özbəkistanın enerji şirkətləri sıx qarşılıqlı fəaliyyət göstərirlər.
Dövlətimizin başçısı deyib: “Biz nəqliyyat-logistika sahəsində yük axınının gücləndiyini, ən başlıcası, bu istiqamətdə əməkdaşlıq potensialının artdığını görürük. Biz bu gün bütün istiqamətlər üzrə uğurlu qarşılıqlı fəaliyyəti uzun illər öncədən müəyyən edəcək məsələləri müzakirə etdik”.
Azərbaycan və Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatdırıb
Bu gün görüşlər və danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərin inkişafının gələcəyini müəyyən etdiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, artıq əldə edilən nəticələr iki ölkənin doğru yolda olduğunu göstərir.
“Bu gün nümayəndə heyətlərinin üzvlərinin qarşıdakı, fikrimcə, iki-üç ildə gözlədiklərimizin çərçivəsində bizə məruzə etdikləri deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırmışıq. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəddir. Bu, münasibətlərin yüksək səviyyəsidir və ölkələrimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir, həmçinin onu göstərir ki, gündəlik kifayət qədər genişdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Şavkat Mirziyoyevin Prezident seçiləndən sonra ilk dövlət səfərini Azərbaycana etməsini yüksək qiymətləndiririk
Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi faktını qardaşlıq və dostluğun göstəricisi adlandırıb.
Dövlətimizin başçısı özbək həmkarı ilə mətbuata bəyanatında deyib: “Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə və xalqımıza münasibətinizin göstəricisidir”.
Özbəkistan xalqının Şavkat Mirziyoyevə yenidən böyük etimad göstərdiyini və onun Özbəkistanın inkişafı naminə səylərini layiqincə qiymətləndirdiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mənim Sizin rəhbərliyinizlə Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanım olub”.
***
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-də ölkəmizə dövlət səfərinə gəlib.
Səfər proqramı çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
Danışıqların yekunu olaraq ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi gözlənilir.