BAKI, 22 avqust — Sputnik. Bu gün Cənubi Afrikada BRİKS-in üç günlük sammiti işə başlayır. Sammitə maraq dünya miqyasında yetərincə böyükdür. BRİKS-ə beş ölkə üzv olsa da, budəfəki sammitə 67 ölkənin rəsmiləri dəvət edilib.
Son illər çox sayda ölkə BRİKS-ə üzv olmaq niyyətini bəyan edib. Cənubi Afrika Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda dünyanın 23 ölkəsinin liderləri, o cümlədən Əlcəzair, Argentina, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Kuba, Misir, Efiopiya, Honduras, İndoneziya, İran, Qazaxıstan, Küveyt, Mərakeş, Nigeriya, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Tayland, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Vyetnam BRİKS-ə qoşulmaqda maraqlı olduqlarını rəsmən ifadə ediblər.
BRİKS sammitindən gözləntilərlə bağlı politoloq Elşən Manafov fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.
Politoloq hesab edir ki, BRİKS təşkilatının ərsəyə gəlməsi dünya nizamı ilə bağlı ABŞ-ın məlum geosiyasi planlarının bu təşkilata daxil olan dövlətlər tərəfindən qəbul edilməməsi anlamına gəlir.
Elşən Manafov bildirib ki, BRİKS yarandığı gündən çoxqütblü dünyanın yaranmasının tərəfdarı olduğunu bəyan edib:
"BRİKS-ə daxil olan dövlətlərin əsas məqsədi dünyada gerçək sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərdə konkret dövlətin hegemonluğuna yol verməmək, təşkilata daxil olan dövlətlərlə və üzv olmaq istəyən ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətləri genişləndirməkdir. Eyni zamanda bu təşkilat qarşılıqlı maraqlar kontekstində münasibətlərin genişləndirilməsinə önəm verir. Təşkilata daxil olan ölkələrin siyahısına nəzər salsaq görərik ki, mahiyyət etibarilə bütün planeti əhatə edir. Eyni zamanda təşkilata daxil olan ölkələrin hamısında anti-ABŞ siyasəti özünü qabarıq şəkildə göstərir. Çünki bu ölkələrin hamısı ayrı-ayrı dövrlərdə ABŞ tərəfindən təhdid və təzyiqlərə məruz qalıblar. Təşkilata üzv olmaq istəyən ölkələrin siyahısı genişdir və bu bir daha göstərir ki, BRİKS-in dünya miqyasında sülhə töhfə vermək imkanları genişdir".
Politoloq Rusiya prezidenti Vladimir Putinin təşəbüssünü də xatırladıb və qeyd edib ki, BRİKS ölkələri arasında iqtisadi-ticarət münasibətləri bu dövlətlərin milli valyutaları ilə həyata keçirilir: "Bu isə ABŞ-ın dünyada hegemonluğuna son qoymaq, dollar imperiyasını sarsıtmaq üçün düşünülmüş çox ciddi geosiyasi layihədir. Həmçinin təşkilata daxil ola biləcək dövlətlər də bu amili nəzərə alırlar. Bu mənada iqtisadi-ticari münasibətlərin milli valyutalarla aparılması ABŞ-ın dünya hegemonluğu ilə bağlı planlarının qarşısına sipər çəkmək üçün ən ciddi və təsirli vasitə kimi qəbul olunur".
Elşən Manafov vurğulayıb ki, BRİKS təşkilatında bu tədbir ərəfəsində bir çox müzakirələr olub, xüsusən də Rusiya dövlət başçısının iştirakı məsələsi gündəmdə idi. Bu da Beynəlxalq Ədalət Məhkəməsinin Rusiya lideri ilə bağlı gerçək hüquqa və ədalətə söykənməyən qərarı ilə əlaqədar idi. Gözləntilər bundan ibarət idi ki, Putinin həbsi ilə bağlı məqamlar yaşanacaq. Ancaq Rusiya kimi fövqəl bir dövlətin liderinin həbs olunmasına nə Cənubi Afrika Respublikası, nə BRİKS-in tərkibinə daxil olan digər ölkələrin liderləri qol qoya bilməzlər. Bu, əslində ABŞ-ın dünya hegemonluğu ilə bağlı siyasəti qarşısında baş əyməkdən başqa bir şey olmazdı.
"BRİKS-in gündəliyinə təşkilatın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı məsələlərin daxil olacağı artıq məlumdur. Bu sammit həm də təşkilatın dünya miqyasında cərəyan edən proseslərə münasibətinin açıqlanması baxımından böyük əhəmiyyət kəsb edir və maraq doğurur. Düşünürük ki, Afrikanın özündə baş verən hadisələrə BRİKS-in mövqeyi mütləq bu sammitdə müzakirə olunacaq və müvafiq qətnamə qəbul ediləcək. Həmçinin Ukraynadakı proseslərə görə Rusiya və Qərb arasında yaşananlara dair BRİKS-in mövqeyini ifadə edəcəyini də gözləyirəm. Ən əsası təşkilatın qarşısına qoyduğu məqsəd və vəzifələrin icrası ilə bağlı addımların atılacağı birmənalıdır" – deyə politoloq fikirlərini yekunlaşdırıb.