Azərbaycan və Özbəkistan enerji əməkdaşlığı ilə bağlı Yol Xəritəsi imzalayıb

Perspektivdə çoxsaylı enerji layihələri var, enerji tərəfdaşlığı isə iki ölkə münasibətlərini daha da möhkəmləndirəcək.
Sputnik
BAKI, 22 avqust — Sputnik. Azərbaycan və Özbəkistan 2023-2025-ci illər üzrə enerji əməkdaşlığı inkişafının yeni Yol Xəritəsini imzalayıb.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov ilə 2023-2025-ci illər üzrə enerji əməkdaşlığımızın inkişafının yeni Yol Xəritəsini imzaladıq. Perspektivdə çoxsaylı enerji layihələri var, enerji tərəfdaşlığımız münasibətlərimizi daha da möhkəmləndirəcək”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib.
Bu gün Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.