AZƏRBAYCAN XƏBƏRLƏRİ

Özbəkistan prezidenti Azərbaycana gəlir

Səfərin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
Sputnik
BAKI, 21 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də ölkəmizə dövlət səfərində olacaq. Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər proqramı çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
Danışıqların yekunu olaraq ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya inşaat işlərinin gedişi barədə məlumat verilib.
Bildirilib ki, ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.