BAKI, 20 avqust - Sputnik. Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın qatarların qrafik üzrə hərəkətində heç bir problem yaratmayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bu gün saat 22:00 radələrində Sumqayıt sərnişin stansiyasının dam hissəsində quraşdırılmış havalandırma sistemində baş vermiş qısa qapanma nəticəsində yanğın baş verib.
Əraziyə təcili cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin səyi ilə yanğın qısa zamanda, saat 22:18-də söndürülüb.
***
Saat 21:58 radələrində Sumqayıt dəmir yolu vağzalı ərazisində yanğının baş verməsi ilə bağlı məlumat daxil olub.
Bunu Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Mirfuad Mahmudov deyib.
Onun sözlərinə görə, yanğın dəmir yolu vağzalının 3-cü mərtəbəsində yerləşən terrasında qeydə alınıb:
“İki nömrəli çağırışla hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb. Hadisə nəticəsində bir kondisioner, 15 paqonametr alkapon və 10 paqonametr naqil xətti yanıb”.
FHN rəsmisi bildirib, vağzalın 10 işçisi təxliyə edilib, xəsarət alan olmayıb.
***
Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın söndürülüb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb.
İlkin ehtimala görə, kondisionerdə qısaqapanmadan sonra yaranan alov alkapon və naqillərə keçib.
***
Sumqayıt dəmir yolu vağzalında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub.
Yanğının qarşısını almaq üçün müvafiq işlər görülür.