MƏDƏNİYYƏT

Əfsanəvi Niyazinin sadə evi: orada nə saxlanılır

Ev Muzeyində təkcə onun şəxsi əşyaları deyil, həm də məşhur dirijorun musiqi əlyazmaları təqdim olunur.
Sputnik
BAKI, 20 avqust — Sputnik. Azərbaycan musiqi sənətinin əfsanəsinin doğum günü - avqustun 20-də "Sputnik Azərbaycan" Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan məşhur Niyazinin Ev muzeyində olub. SSRİ xalq artisti həyat yoldaşı Həcər Hacıbəyli ilə məhz bu evdə ömrünün sonuna kimi yaşayıb. Bu il musiqiçinin 111 yaşı tamam olacaqdı.
Əfsanəvi musiqiçi ilə bağlı maraqlı faktları Ev muzeyinin direktoru Rza Bayramov açıqlayıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan məşhur Niyazinin Ev muzeyi
Niyazinin həyatı
Rza Bayramovun sözlərinə görə, görkəmli musiqiçi, dirijor Niyazi Tağızadə - Hacıbəyli 1912-ci il avqustun 20-də Tbilisidə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin qardaşı, görkəmli bəstəkar və teatr xadimi Zülfüqar Hacıbəylinin ailəsində anadan olub. Məhz əmisi maestronun taleyində xüsusi rol oynayıb - o, onun həm tərbiyəçisi, həm də kumiri olub.

"Təbii istedad və musiqiyə olan sevgi 1925-ci ildə onu Qnessin adına Musiqi Texnikumuna gətirir, burada bəstəkarlıq təhsili alır, sonra təhsilini Leninqrad Mərkəzi Musiqi Texnikumunda davam etdirir. Bundan sonra o, Bakıda əmisi Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasına daxil olur. 1937-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlayan Niyazi bir ildən sonra isə Azərbaycan Dövlət Simfonik Orkestrinə rəhbərlik edib", - deyə Bayramov bildirib.

Onun sözlərinə görə, Niyazi dünya miqyasında tanınan ilk azərbaycanlı peşəkar dirijordur - o, Praqa, Berlin, Budapeşt, Buxarest, Nyu-York, Paris, İstanbul, Tehran, London, Pekin və digər ölkələrdə çıxış edib. Dirijor hər çıxışında Azərbaycan bəstəkarlarının əsərlərini proqrama daxil edib.
V.Bayramov qeyd edib ki, musiqiçi müxtəlif illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Leninqrad Opera və Balet Teatrının baş dirijoru vəzifəsində çalışıb - hazırda bu teatr Mariinski teatrı adlanır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan məşhur Niyazinin Ev muzeyi

"Gərgin iş qrafikinə baxmayaraq, əsərlərini yaratmağa həmişə vaxt tapırdı. Onlardan ən əlamətdarı onun 1942-ci ildə yaratdığı "Xosrov və Şirin" operası, 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı, eləcə də Niyazinin 1960-cı ildə hind yazıçısı Rabindranat Taqorun eyniadlı əsəri əsasında bəstələdiyi məşhur "Çitra" baletidir", - deyə Ev muzeyinin direktoru bildirib.

O, qeyd edib ki, Niyazi həm də dünya klassiklərinin dünya şöhrətli əsərlərinin mahir interpretatoru kimi tanınıb.
Gələcək həyat yoldaşı Həcər Hacıbəyli ilə Niyazi 20 yaşında Dağıstanda tanış olub. Bu, ilk baxışdan sevgi idi. Musiqiçinin rifahı naminə Həcər xanım öz karyerasından, sakitlik və rahatlığından imtina etdi. Ailə həyatının ilkin mərhələsinin çətinliklərinə, maddi sıxıntılara birlikdə mətanətlə dözürdülər. Onları bir-birinə həmişə hörmət, qayğıkeş münasibət bağlayırdı.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan məşhur Niyazinin Ev muzeyi

"Niyazinin və Həcər xanımın çox qonaqpərvər idilər. Evlərinin qapısı həmişə dostlarına və həmkarlarına - dünyanın müxtəlif yerlərindən gələn böyük musiqiçilərə açıq idi. Bütün bunlar onun həyat yoldaşının xidməti idi. Bütün dostları deyirdilər ki, "Niyazinin idarə etməyi bacarmadığı yeganə orkestr Həcər xanımdır", - deyə muzeyin işçiləri bildiriblər.

1984-cü il avqustun 2-də maestronun vəfatından sonra Həcər Hacıbəylinin "Maestro Niyazi. Xatirələr. Məqalələr. Məktublar" adlı xatirələr kitabı nəşr olunub.
Hər şey maestronun sağlığında olduğu kimi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan məşhur Niyazinin Ev muzeyi
Niyazanin Ev-muzeyinin açılışı 1994-cü il sentyabrın 18-də baş tutub və Milli Musiqi Gününün qeyd olunduğu günə təsadüf edib. Bayramovun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin ölkə tarixində silinməz iz qoymuş insanlara ehtiramını ifadə etməyə daim öz sıx iş qrafikində vaxt tapması və açılışda iştirakı tədbirin əhəmiyyətini vurğulayıb.
"Niyazi vəfat etdikdən sonra Həcər xanım arxivin bir hissəsini: musiqi əlyazmaları, fotoşəkilləri, kitabxanasından olan kitablar və qeydlər, afişalar, qrammofon valları, konsert paltarı və s.-ni Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təhvil verib. Dirijor 1958-ci ildən bu mənzildə yaşayırdı. Həcər xanım dünyasını dəyişdikdən sonra Niyazinin evinin muzeyə çevrilməsinə qərar verildi və Musiqi Mədəniyyəti Muzeyindən olan bütün eksponatlar bizə köçürüldü. Ümumilikdə 6500 eksponatımız var", - deyə Bayramov bildirib.
Muzey giriş zalı və beş otaqdan ibarətdir. Onlardan üçü - yeməkxana, yataq otağı və ofis Niyazinin həyatının son günlərinin ab-havasını qoruyub saxlayıb. Digər iki otaqda isə yenidənqurma aparılıb - eksponatların yerləşdirildiyi stendlər və vitrinlər quraşdırılıb. Niyazinin mənzilinin ürəyi vaxtının çox hissəsini keçirdiyi kabinetidir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan məşhur Niyazinin Ev muzeyi

"Biz onun mənzilində heç nə dəyişmədik ki, hər şey Niyazinin həyatında olduğu kimi qalsın. O, çox sadə həyat tərzi sürüb. Burada Azərbaycanın məşhur incəsənət xadimlərinin və Niyazinin həyat və yaradıcılıq yollarının kəsişdiyi dünyanın məşhur musiqiçilərinin fotoları nümayiş olunur. Muzeyimizdə Niyazinin nadir əlyazma notları, həmçinin onun nəinki Azərbaycanda, həm də xaricdə bir çox məşhur salonların səhnələrində çıxış etdiyi kostyumları nümayiş etdirilir. Muzeyimizdə Niyazinin yaradıcılığını çox dəyərləndirən Heydər Əliyevlə birgə fotoşəkillərinin nümayiş olunduğu künc xüsusi yer tutur ", - deyə Bayramov bildirib.

Muzeydə, həmçinin Həsən Haqverdiyev və Toğrul Nərimanbəyovun çəkdiyi Niyazinin portretləri, Tokay Məmmədov, Cəlal Qaryağdı, Cümşüd İbrahimov, Natiq Əliyev, Namiq Dadaşovun yaratdıqları heykəllər nümayiş etdirilir.
Bayramov əlavə edib ki, maestronun yaradıcılığı ilə bağlı materialların toplanması istiqamətində işlər davamlı olaraq davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.