İQTİSADİYYAT

Azərbaycandan Rusiyaya alkoqollu içkilərin ixracı kəskin artıb - İstehsal da yüksəlib

Cari ilin yanvar-iyul aylarında ölkədə 733,5 min dekalitr araq, 3 milyon 225,4 min dekalitr pivə istehsal olunub ki, illik müqayisədə araq istehsalı 9,4 faiz, pivə istehsalı 14 faiz artıb.
Sputnik
BAKI, 20 avqust — Sputnik. Azərbaycanda alkoqollu içkilərin istehsalı və bu məhsulların ölkəmizdən Rusiyaya ixracı kəskin artıb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında ölkədə 733,5 min dekalitr araq, 3 milyon 225,4 min dekalitr pivə istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə araq istehsalı 9,4 faiz, pivə istehsalı 14 faiz artıb.
Viski, konyak istehsalı 9 dəfə artıb
Bundan başqa, 2023-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 150,5 min dekalitr viski, konyak istehsal olunub ki, bu da illik müqayisədə 9 dəfə çoxdur. Hesabat dövründə 681,7 min dekalitr üzüm şərabı istehsal edilib ki, bu da illik müqayisədə 60,7 faiz artım deməkdir.
01.08.2023-cü il vəziyyətinə ölkədə 236 min dekalitr araq, 244 min dekalitr pivə, 57 min dekalitr viski, konyak, 883,4 min dekalitr üzüm şərabı ehtiyatı var.
Spirtli içkilər, arxiv
Azərbaycandan Rusiyaya alkoqollu içkilərin ixracında vəziyyət necədir?
Qeyd edək ki, ölkəmizdən alkoqollu içkilərin Rusiyaya ixracı üzrə hazırda 6 aylıq rəsmi statistika məlumatları mövcuddur.
Azərbaycanın Rusiyaya alkoqollu içkilərin ixracı həm miqdar ifadəsində həm də dəyər ifadəsində kəskin artıb. Belə ki, 2023-cü ilin birinci yarısında Azərbaycandan Rusiyaya ümumilikdə 6 milyon 342 min dollar dəyərində alkoqollu içkilər ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur. Bu ilin 6 ayında ümumilikdə ölkəmizdən 247,3 min dekalitr həcmində alkoqollu içkilər Rusiyaya göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Azərbaycandan 126,45 min dekalitr həcmində tutumu 2 litr və ya daha az həcmli qablarda digər təbii üzüm şərabları Rusiyaya ixrac edilib ki, bunun da dəyəri 2 milyon 518,42 min dollardır.
2023-cü ilin birinci yarısında ölkəmizdən Rusiyaya 2 milyon 425,6 min dollar dəyərində 70,94 min dekalitr həcmində viski ixrac edilib.
2023-cü ilin birinci yarısında 858,66 min dollar dəyərində 12,85 min dekalitr üzüm çaxırının və ya üzüm puçalının distillə edilməsindən alınan spirtli içkilər (konyak, qrappa, brendi və digərləri) Rusiyaya göndərilib. Bundan başqa, 82,31 min dollar dəyərində 22 min dekalitr digər təbii üzüm şərabları və s. ixrac olunub.
Keçən il də Rusiyaya ixrac artıb
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan Rusiyaya ümumilikdə 10,59 milyon dollar dəyərində alkoqollu içkilər ixrac edilib. Bu da 2021-ci illə müqayisədə təxminən 3,3 dəfə çoxdur. Keçən il ümumilikdə ölkəmizdən 430,81 min dekalitr həcmində alkoqollu içkilər Rusiyaya göndərilib ki, bu da 2021-ci illə müqayisədə 2 dəfəyə yaxın çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycandan Rusiyaya alkoqollu içkilərin ixracı kəskin artıb - Səbəblər