BAKI, 19 avqust — Sputnik. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tarifləri artırılsa da, onlar real bazar qiymətlərinə uyğun deyil.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Həkimlər Birliyinin sədri Ədalət Rüstəm söyləyib. Onun sözlərinə görə, hazırda zərfə daxil edilən tibbi xidmətlərin tarifləri ilə real bazar qiymətləri arasında kəskin fərq var.
Qeyd edək ki, bu günlərdə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı artırılıb. Həmçinin 1390 tibbi xidmətin tarifi dəyişdirilərək aktual bazar qiymətlərinə uyğunlaşdırılıb.
İxtisaslaşdırılmış ambulator tibbi xidmət üzrə:
• İxtisaslı həkim müayinəsi – 17 manatdan 25 manata artıb
• Ginekoloqun müayinəsi (USM ilə) - 25 manatdan 35 manata artıb
Laboratoriya xidməti üzrə:
• Hepatit B səthi anticismi (HBsAb) – 5 manatdan 16 manata artıb
• Kalsiferol (Vitamin D) - 13 manatdan 21 manata artıb
Stasionar tibbi xidmətlər üzrə:
• Doğuşa əllə yardım – 350 manatdan 500 manata artıb
• Tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı - 4000 manatdan 4500 manata artıb
Xidmətlər Zərfinə edilmiş digər dəyişikliklərə əsasən il ərzində limit sayı 300 olan koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə sığorta limiti ləğv olunub.
Ə.Rüstəm bildirib ki, "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə daxil edilən tibbi xidmətlərin tarifi dəyişdirilərək aktual bazar qiymətlərinə uyğunlaşdırılması müsbət addımdır. Amma bu qiymətlər elə olmalıdır ki, savadlı həkimlər icbari tibbi sığorta xidməti göstərən tibb müəssisələrində çalışmaqda maraqlı olsunlar:
"Tariflər elə həddə olmalıdır ki, həkim aldığı maaşla ailəsini təmin edə bilsin. Bunun üçün tibb müəssisələri kateqoriyalaşdırılmalıdır. Tariflər isə xəstəxanaların kateqoriyalarına görə müəyyən edilməlidir. Bu gün elmi dərəcəsi olan həkimlər universiteti yeni bitirən həkimlərdən az əməkhaqqı alır. Ölkəmizdə icbari tibbi sığorta ilə çalışan həkimlərə çox aşağı məbləğdə bonus verilir.
Ə.Rüstəm bildirib ki, hazırda xarici ölkədə rezidentura təhsili alan həkimlər professorlardan çox qazanırlar. Tibbi xidmətlərin tarifləri əhəmiyyətli dərəcədə artırılmalıdır ki, həkimlər normal əməkhaqqı ala bilsinsin:
"Mənim Almaniyada rezidentura təhsili alan tələbəm 3200 manat maaş alır. Tibb universitetinin elmi dərəcəsi olan professoruna isə Azərbaycanda ondan dəfələrlə aşağı əməkhaqqı verilir. Ona görə də, xaricə üz tutan gənc həkimlərimiz geri qayıtmır. Rezidentura təhsili aldıqdan sonra xaricdə qalıb işləməyə üstünlük verirlər".
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zərfə salınan tibbi xidmətlərə görə tariflərin artırılması müsbətdir. Məsələn, kardiologiyada bütün tibbi xidmətlərin qiymətləri artırılaraq normala yaxınlaşıb:
"Bu günki reallıq üçün qiymət artımı çox yaxşı amildir. Daha əvvəl icbari tibbi sığorta zərfində olmayan kardioloji xidmətlər də ora daxil olunub. Ölkəmizdə bahalı kardioloji əməliyyatlar da artıq zərfə salınıb".
Ü.Rəhimov bildirib ki, xaricə həkim axınının əsas səbəbi icbari tibbi sığorta zərfinə daxil edilmiş tibbi xidmətlərin tariflərinin aşağı olması deyil: "Xaricə axının əsas səbəbi rezidentlərin maaşının az olmasıdır. 6 il tibb təhsili almış gənclər Azərbaycanda çox aşağı əməkhaqqı alırlar. Xaricdə rezidentura təhsili alanlara isə yüksək əməkhaqqı verilir. Həmçinin ölkəmizdə Tibb Universiteti yenilənməlidir. Xaricdə təhsil almış tibbi kadrlar Azərbaycan Tibb Universitetinə cəlb olunmalıdır. Ancaq bu halda xaricə həkim axının qarşısını almaq olar".
Məlumat üçün bildirək ki, Alman Tibb Assosiasiyasının 2022-ci ilin dekabrına olan statistikasına görə, Almaniyada 421.000 həkim çalışır. Onlardan 60 minə yaxını (14 faizdən çoxu) xarici ölkələrdən gələn həkimlərdir. Azərbaycandan isə Almaniyada 1400 həkim işləyir.