BAKI, 19 avqust - Sputnik. Ankara Moskva ilə Afrikadakı ehtiyacı olan ölkələrə Rusiyadan ərzaq tədarükünü müzakirə edir. Bu barədə RİA Novosti-yə danışıqlarda iştirak edən mənbə bildirib.
Onun sözlərinə görə, təşəbbüsdə maraqlı olan bir sıra ölkələr var.
“Bizim tərəfimizdən Rusiya ərzaq məhsullarının emalı və Afrikanın ehtiyacı olan ölkələrinə çatdırılması ilə bağlı müzakirələr aparılır. Biz dəfələrlə bildirmişik ki, əlimizdən gələn hər şeyi etməyə hazırıq. Müzakirələrdə bir sıra ölkələr bu təşəbbüsə maraq göstərib, kömək etməyə hazır olduqlarını bildiriblər”, - deyə agentliyin mənbəsi bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirib ki, Türkiyə Rusiya Federasiyasından gələn taxılın Türkiyədə emal edilməsi və ən kasıb ölkələrə tədarükü ideyasını həyata keçirmək üçün səy göstərir.
Türkiyə lideri daha əvvəl rusiyalı həmkarı Vladimir Putinlə aclıqdan əziyyət çəkən Afrika ölkələrinə pulsuz rus taxıl və gübrə göndərilməsinin mümkünlüyü barədə razılığa gəldiyini də bildirib.
Ötən ilin payızında Rusiya Federasiyasının prezidenti qeyd edib ki, Moskva ən kasıb ölkələrə taxıl müqaviləsi çərçivəsində onlar üçün nəzərdə tutulmuş taxılın bütün həcmini pulsuz verməyə hazırdır.
Taxıl müqaviləsi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə vurğulayıb ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.