BAKI, 16 avqust — Sputnik. İsveç Türkiyənin terrorçuların ekstradisiyasına dair 28 müraciətinin heç birini hələ də təmin etməyib. Bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "A Haber" telekanalına açıqlamasında deyib.
"Terror təşkilatları ilə əlaqəsi olan şəxslərin ekstradisiyası üçün İsveçə 28 sorğu göndərmişik. Təəssüf ki, onlardan 22-nə rədd cavabı verilib. 9 sorğu PKK, 8-i FETÖ terror təşkilatı, 5-i digər təşkilatların üzvləri ilə bağlı olub. Təqsirləndirilən şəxslərin ölümü və ya digər hallar səbəbindən üç vəsatət təmin edilməyib. Üç sorğu - cavab gözləyir. Amma İsveç məhkəmə sistemi artıq bu müraciətlərlə bağlı mənfi qərar verdiyini bildirib", - nazir bildirib.
Tunç xatırladıb ki, İsveç NATO-nun bir hissəsi və Türkiyənin alyansdakı tərəfdaşı olmaq niyyətini bəyan edir.
"Bu məsələ üzrə ərizənin təsdiqi parlamentimizin gündəliyində olacaq. Parlament müzakirələri zamanı bütün nüansları nəzərə alacağıq. İsveçdən gözləntilərimiz bəllidir: Stokholmdan terrorçuları bizə təhvil verməyi gözləyirik. Lakin Bu məsələ ilə bağlı heç bir hərəkət yoxdur", - nazir bildirib.
O əlavə edib ki, iyun ayından İsveçdə yeni antiterror qanunu qüvvəyə minib.
"Təbii ki, bu cür qanunlarda ifadələr adətən kifayət qədər geniş olur. Məhz buna görə də onun praktikada necə həyata keçirilməsi vacibdir. Terrorçuların ekstradisiyası məsələsi ilə yanaşı, İsveçdə Qurani-Kərimin təhqir olunması ilə bağlı insidentlər problemi də var. Biz bunun dayandırılacağını gözləyirik", - deyə Tunç bildirib.
Ədliyyə Nazirliyinin rəhbəri onu da qeyd edib ki, həm ABŞ, həm də digər Avropa ölkələri Türkiyənin cinayətkarların ekstradisiyası ilə bağlı müraciətlərinə demək olar ki, əməl etmir. Söhbət İnterpolun "qırmızı elanları" ilə axtarışda olan şəxslərdən gedir. Konkret olaraq Türkiyə Ankaranın 2016-cı ildə dövlət çevrilişinə cəhdə görə məsuliyyət daşıdığını tanıdığı FETÖ təşkilatının fəaliyyətində əli olan şəxsləri tutub mühakimə etmək istəyir.
Son aylar Türkiyə parlamentinin NATO-ya üzv olmaq üçün verdiyi müraciətin təsdiqini gözləyən İsveçlə Türkiyə arasında münasibətlər Stokholmda silsilə Quran yandırılması fonunda pisləşib. Türkiyə hakimiyyəti Avropa ölkələrində, xüsusən Danimarka və İsveçdə Quranın təhqir olunması aksiyalarına son dərəcə kəskin reaksiya verir. Türkiyəli millət vəkillərinin Stokholmun NATO-ya daxil olması məsələsini oktyabrda parlamentin tətildən sonra müzakirə edə biləcəkləri gözlənilir.