NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bazarında dalğalanma - Çin və ABŞ-də yanacağa tələbin azalacağı narahatlığı var

Çinin Mərkəzi Bankı gözlənilmədən bu həftə üç ayda ikinci dəfə faizləri azaldıb, lakin analitiklər bunun iqtisadiyyatın aşağıya doğru spiralını dayandırmaq üçün kifayət etməyəcəyindən narahatdırlar.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətləri dalğalanır. Qiymətlərin dəyişkənlik göstərməsinin səbəbi Çində iqtisadi artımın yavaşlaması və ABŞ-də uçot dərəcəsinin mümkün artımı ilə bağlıdır. Çünki bunun dünyanın iki ən böyük iqtisadiyyatında yanacağa tələbatı zəiflədəcəyi ilə bağlı narahatlıqlar var.
"Brent" nefti 0,16 dollar azalaraq 83,29 dollar, "Light" nefti 0,23 dollar ucuzlaşaraq 79,15 dollar təşkil edib.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 0,16 dollar artaraq 89,29 dollar olub.
Çinin Mərkəzi Bankı gözlənilmədən bu həftə üç ayda ikinci dəfə faizləri azaldıb, lakin analitiklər bunun iqtisadiyyatın aşağıya doğru spiralını dayandırmaq üçün kifayət etməyəcəyindən narahatdırlar.
ABŞ Federal Ehtiyat Sisteminin iyul iclasının protokolları da neft qiymətlərinə təsir edib, çünki sənədlərdə faiz artımının dayandırılmasına dair ciddi göstərişlər verilmədiyi məlum olub. Yüksək faiz dərəcələri biznes və istehlakçılar üçün borclanma xərclərini artırır ki, bu da iqtisadi inkişafı ləngidə və neft tələbini azalda bilər.
Qeyd edək ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.