BAKI, 17 avqust — Sputnik. 16 avqust 2023-cü il tarixində BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə keçirilən iclas zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı guya Azərbaycanın hərəkətləri nəticəsində hansısa humanitar vəziyyətin olması ilə bağlı iddiaları bir daha ifşa edilib. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda deyilir.
Bildirilib ki, iclas həmçinin Ermənistanın siyasətinin əsl mahiyyətinin Azərbaycana qarşı ərazi iddiaları və onun daxili işlərinə qarışmaq olduğunu bir daha göstərib:
"Ermənistandan və vaxtilə hərbi istila yolu ilə ələ keçirərək 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlını qovmuş və onların geri qayıtmasına imkan verməyən Ermənistanın indi Azərbaycanı hansısa humanitar məsələdə ittiham etməyə çalışması ikiüzlülükdür".
O ds qeyd olunub ki, 2020-ci il müharibəsi zamanı Azərbaycanın Qarabağ bölgəsindən köçmüş ermənilərin müharibədən dərhal sonra təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına imkan yaratmış və hazırda onların re-inteqrasiyasına çalışan Azərbaycan tərəfi öz Konstitusiyasının və insan hüquqlarının aliliyini təmin edir və bölgədə davamlı sülhün əsaslarını möhkəmləndirir.
"Mono-etniklik və etnik ayrı-seçkilik siyasəti aparan Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri Azərbaycanda iki xalqın nümayəndələri arasında mümkün uğurlu birgəyaşayışın Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış perspektivlərini gücləndirəcəyidir", - deyə bildirilib.
Qərbi Azərbaycan İcması dünya birliyini beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdid olan Ermənistanın ərazi ekspansiyası siyasətini və mono-etniklik ideologiyasını pisləməyə, onun Azərbaycan ərazisində qanunsuz yerləşdirdiyi silahlı birləşmələri dərhal çıxarması və orada yaşayan ermənilərin reinteqrasiyasına əngəl törətməsini dayandırması üçün bu dövlətə təzyiq etməyə çağırır. İcma həmçinin beynəlxalq ictimaiyyətə Ermənistadan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasını dəstəkləməyə dair beynəlxalq ictimaiyyətə bir daha çağırış edir:
"Qərbi Azərbaycan İcması, eyni zamanda BMT Təhlükəsizlik Şurasının son iclasında da görüldüyü kimi, Fransanın Azərbaycana qarşı bütün platformalarda sistematik xarakter almış düşmən münasibətini kəskin şəkildə pisləyir. Qərbi Azərbaycan İcması rəsmi Parisi Azərbaycan-fobiya siyasətindən əl çəkməyə və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusundan sui-istifadə etməməyə çağırır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.