"Bununla yanaşı, BMT TŞ üzvlərinin əksəriyyətinin vurğuladığı kimi, bölgədə sülh və sabitliyin bərqərar olması üçün həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyinə baxmayaraq, Ermənistan tərəfinin "bölgədə humanitar vəziyyət", "blokada" kimi bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməsi narahatlıq doğurur. Eyni zamanda, üzv dövlətlərin Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasının zəruri olduğunu bildirmələri, bu narahatlarıqların həlli istiqamətində səylərin birləşdirilməsinin vacib olduğunu bir daha xatırladır", - deyə məlumatda bildirilir.
"Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir", - deyə XİN-in məlumatında vurğulanır.