BAKI, 17 avqust - Sputnik. Avqustun 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində SSRİ Xalq artisti, əfsanəvi Azərbaycan dirijoru və bəstəkarı, maestro Niyazinin 111 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Tədbirdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertin solistləri Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) olacaq. Proqramda məşhur bəstəkarın bütün sevimli əsərləri səslənəcək.
Niyazi Hacıbəyli 1912-ci ildə Tiflisdəgörkəmli bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Niyazi dirijor kimi bütün dünyada məşhurlaşıb. Eyni zamanda o, həm də istedadlı bəstəkar idi. Ən məşhur əsərləri “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası, “Çitra” baletidir.
Maestro bir sıra dövlət mükafatlarına, fəxri adlara - SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına, habelə müxtəlif orden və medallara layiq görülüb.
Niyazi tarixə görkəmli dirijor, bəstəkar, musiqiçi və ictimai xadim kimi düşüb. Maestro 1984-cü il avqustun 2-də Bakıda vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.