BAKI, 17 avqust — Sputnik. İsveçrənin UBS bankının Rusiya Federasiyasının rifahının artması ilə bağlı hesabatının dərcindən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjori Taylor Qrin Rusiya əleyhinə sanksiyaların uğursuzluğunu etiraf edib. Eyni zamanda ABŞ sərvətinin azalması fonunda Ukraynaya dəstəyin azalmasına çağırıb.
"Artıq Ukrayna üçün pul yoxdur", - konqresmen "X" sosial şəbəkəsində yazıb.
Qrin həmçinin qeyd edib ki, ABŞ Ukraynaya 113 milyard dollar göndərib və hər ay 1 milyard dollar göndərməkdə davam edir.
"Rusiya getdikcə varlanır, ABŞisə trilyonlarla yoxsullaşır", - o əlavə edib.
Daha əvvəl İsveçrənin UBS bankı Qlobal Sərvət hesabatını dərc edib. Hesabata görə, 2022-ci ildə əksər ölkələr, ilk növbədə ABŞ əhəmiyyətli sərvət itkisi ilə üzləşib, yalnız bir neçə ölkədə, o cümlədən Rusiyanın maliyyə bazarında 600 milyard dollar artım müşahidə olunub. Hesabata görə, ABŞ 2022-ci ildə 5,9 trilyon dollar itirib.
BVF-nin kommunikasiyalar üzrə direktoru Culi Kozak iyul ayında bildirib ki, Ukraynadakı münaqişə Rusiya iqtisadiyyatına ilkin olaraq gözlənildiyindən daha zəif təsir göstərir. BVF ilin sonuna kimi Rusiyanın ÜDM-nin 0,7% artacağını gözləyir. Aprelin ortalarında Dünya Bankı Rusiya iqtisadiyyatının dinamikası ilə bağlı yenilənmiş proqnozunu da dərc edib - indi 3,3% azalma əvəzinə 0,2% azalma gözlənilir. Rusiya İqtisadi İnkişaf Nazirliyi və Mərkəzi Bankı ilin sonuna qədər Rusiyanın ÜDM-nin 0,5-2% diapazonunda artımını proqnozlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.