CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Almaniya dörd yüzədək Azərbaycan vətəndaşının sığınacaq müraciətinə rədd cavabı verib

Cari ilin ilk 7 ayı ərzində federal idarəyə ümumilikdə 1016 Azərbaycan Respublikası vətəndaşı sığınacaq almaq üçün ərizə ilə müraciət edib.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Almaniya 387 Azərbaycan vətəndaşının sığınacaq müraciətinə rədd cavabı verib. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə əlaqədar Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayında artım müşahidə edilib.
Bu barədə "Report"un sorğusuna cavabında Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, 2023-cü ilin ilk 7 ayı ərzində federal idarəyə ümumilikdə 1016 Azərbaycan Respublikası vətəndaşı sığınacaq almaq üçün ərizə ilə müraciət edib. Onlardan 852 nəfər ilk dəfə, 164 nəfər isə ikinci dəfə ərizə ilə müraciət edənlərdir. Müraciət edənlərin əksəriyyəti Ukraynada yaşamaq hüququna sahib olan Azərbaycan vətəndaşlarıdır.
Sığınacaq axtaranların yalnız 28 nəfərinə Cenevrə Konvensiyasına uyğun olaraq qaçqın statusu verilib. 387 nəfərin sığınacaq ərizəsi rədd edilib, vətəndaşı olduqları ölkəyə könüllü qayıtmaları ilə bağlı qərar verilib.
BAMF-dan bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında Almaniyaya sığınacaq üçün ümumilikdə 188 967 nəfər müraciət edib (175 272 ilkin və 13 695 sonrakı müraciət). Ötən ilin eyni dövrü ilə müqayisədə (98 395 ilkin müraciət) bu, 78,1 faiz artım deməkdir. 2023-cü ildə ilkin müraciətlərin 13 808-i Almaniyada bir yaşa qədər doğulmuş uşaqlarla bağlı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.