Azərbaycan-Ermənistan sərhədində vəziyyət

XİN Ermənistanın hərbi təxribatları ilə bağlı bəyanat yaydı

Bildirilib ki, Ermənistanın bölgədə vəziyyətə dair BMT Təhlükəsizlik Şurasının iclası ilə eyni gündə hərbi təxribatları davam etdirməsini manipulyasiya siyasətinin davamı kimi qiymətləndirilir.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumatda qeyd olunduğu kimi, 16 avqust tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərsə də Ermənistanın bu növbəti təxribatının qarşısı alınıb və diversiya qrupunun bir üzvü saxlanılıb.
Bu barədə XİN-in bəyanatında qeyd edilib.
Bildirilib ki, Ermənistanın bölgədə vəziyyətə dair BMT Təhlükəsizlik Şurasının iclası ilə eyni gündə hərbi təxribatları davam etdirməsini manipulyasiya siyasətinin davamı kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.
"Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.
Bölgədə vəziyyətin gərginləşməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir", - bəyanatda vurğulanıb.