Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənilər Şuşada təxribata əl atıblar, Azərbaycan Ordusunun bölmələri onları dayandırıb

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.
20:33
Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub
Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.
***
Avqustun 16-sı saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
***
Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.