BAKI, 16 avqust — Sputnik. 2023-cü ilin 6 ayında manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişib.
"Sputnik Azərbaycan" Azərbaycan Mərkəzi Bankının "Pul siyasəti icmalı"na istinadən xəbər verir ki, manatın məzənnəsi nominal olaraq Türkiyə lirəsinə, Rusiya rubluna, Yaponiya yeninə, Çin yuanına qarşı bahalaşıb, avroya, İngiltərə funtsterlinqinə, Qazaxıstan tengəsinə, İsveçrə frankına və Gürcüstan larisinə qarşı ucuzlaşıb.
Manatın dollara qarşı rəsmi məzənnəsi 1,7 manat olub
Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6955 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil edib.
2023-cü ilin 6 ayında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyib.
45 valyuta hərracı baş tutub
Qeyd edək ki, 2023-cü ilin 6 ayında Mərkəzi Bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 45 valyuta hərracı baş tutub. Hesabat dövründə valyuta hərraclarının 98%-də təklif tələbi üstələyib. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub.
Dollar/manat məzənnəsi 2026-cı ilədək dəyişməyəcək
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.
Əlavə edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.