BAKI, 16 avqust — Sputnik. Türkiyə və Rusiya prezidentlərinin görüşünün tarixi və yeri ilə bağlı dəqiq məlumat yoxdur. Bu barədə RİA Novosti Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl "Telegram" kanallarında Türkiyə və Rusiya liderləri arasında görüşün avqustun 31-də baş tuta biləcəyi ilə bağlı məlumat yayılıb.
“Hələlik konkret bir tarix yoxdur”, - agentliyin həmsöhbəti yayılan məlumatlara münasibət bildirərkən deyib.
Türkiyənin “Milliyet” qəzeti daha əvvəl yazıb ki, Türkiyə və Rusiya liderləri yaxın günlərdə danışıqlar apara bilərlər. Türkiyə və Rusiya prezidentləri arasında planlaşdırılan danışıqların tarixi və yeri hələ də müzakirə olunur.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl jurnalistlərə bildirib ki, Putin və Ərdoğan görüşün yerini və vaxtını ən qısa zamanda dəqiq müəyyən etmək barədə razılığa gəliblər.