BAKI, 16 avqust — Sputnik. Dünyanın ən böyük neft idxalçısı olan Çindən gələn zəif iqtisadi məlumatlar neft qiymətlərini aşağı salıb.
Bəzi analitiklər neft kimi əmtəələrə tələbi dəstəkləmək üçün Çinin tezliklə daha çox stimullaşdırıcı tədbirlər həyata keçirəcəyinə ümid edirlər.
"Brent" markalı neft 21 sent ucuzlaşaraq 84,68 dollara, ABŞ-ın Qərbi Texas nefti (WTI) 20 sent ucuzlaşaraq 80,79 dollara düşüb.
"Azeri Light" markalı Azərbaycan nefti 1,73 dollar azalaraq 89,13 dollar olub.
Digər tərəfdən, ötən həftənin yekunlarına görə, ABŞ-nin kommersiya neft ehtiyatları 6 milyon 195 min barel azalaraq, təxminən 439 milyon 427 min barel təşkil edib. Analitiklər isə ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 milyon 50 min barel azalacağını proqnozlaşdırıb.
Qeyd edək ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.