BAKI, 17 avqust — Sputnik. “Aİ-nin Ermənistandakı missiyasının ikili standartlardan çıxış edərək yaydığı məlumatlar göstərir ki, Brüsselin vasitəçiliyi ilə keçirilən danışıqlarda əsas məqsəd Azərbaycan və Ermənistan arasında problemin həllinə nail olmaq deyil”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Xatırladaq ki, ötən gün Aİ-nin Ermənistandakı missiyası Ermənistan Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı yaydığı məlumatı "Twitter"də təkzib edib. Daha sonra isə Aİ missiyası atəşkəsin pozulması faktını təsdiqləyib. İnformasiya məkanında yaşanan bu anlaşılmaz vəziyyət Aİ missiyasının obyektivliyini şübhə altına salıb.
“Biz əvvəllər də demişdik ki, Aİ-nin və ABŞ-ın mövqeyində onların bölgə ilə bağlı maraqları əsas təşkil edir. Aİ rəsmilərinin Azərbaycanla münasibətlərdə birbaşa olaraq iki xətt özünü açıq şəkildə büruzə verir. İttifaq bir tərəfdən Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolu nəzərə alır və ölkəmizlə əməkdaşlığı genişləndirməyə cəhd göstərir. Buna baxmayaraq, Aİ Ermənistanla bağlı məsələlərdə Azərbaycana qarşı qərəz nümayiş etdirir. Təbii ki, Aİ Moskva razılaşmalarının həyata keçirilməsində missiyanı öz üzərinə götürmək istəyir. Onlar Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq, Azərbaycan və Ermənistanda anti-Rusiya ovqatının gücləndirilməsinə töhfə vermək niyyəti güdürlər”, - deyə Elşən Manafov bildirib.
Onun sözlərinə görə, Aİ-nin 15 avqustda yayılmış açıqlamalarında bu iki xətt özünü aşkar şəkildə bürüzə verdi: “Aİ həm də ehtiyatlı davranmağa çalışır. Çünki Qərbin Xəzərin karbohidrogen ehtiyatlarına çox ciddi marağı və ehtiyacı var. Təbii ki, burada lokomotiv rolunda Azərbaycan çıxış edir. İttifaq bu baxımdan bizimlə münasibətlərdə təmkinli davranmağa çalışır”.
Politoloqun fikrincə, şübhəsiz Rusiya BMT Təhlükəsizlik Şurasında Qarabağdakı humanitar vəziyyətlə bağlı baş tuta biləcək müzakirəyə münaqişə tərəfləri arasında moderator rolunda çıxış edən dövlət kimi veto qoyacaq. Çünki Rusiya mövcud problemin onun moderatorluğu ilə əldə edilmiş prinsiplər və şərtlər əsasında həllində maraqlıdır. Həm də Rusiyanın özünün bölgədə geosiyasi maraqları var. Digər tərəfdən Rusiya bölgə dövlətlərinin hər biri ilə münüasibətlərin mahiyyətini dərk edir.
"Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edildiyi şəraitdə Azərbaycanla münasibətlərin bu ölkə üçün çox böyük iqtisadi, geosiyasi, logistik əhəmiyyəti var. Hesab edirəm ki, Rusiya iqtidarı da bunu nəzərə alır. Heç şübhəsiz ki, Rusiya Azərbaycanın Rusiya-Türkiyə münasibətlərində oynadığı və oynaya biləcəyi rolu da qiymətləndirir. Çünki bu gün taxıl sazişi və Ukrayna ilə bağlı məsələlərdə Türkiyə siyasi isteblişmentenin tutduğu mövqe bəzi hallarda Rusiyadakı bəzi dairələrdə qıcıq yaradır. Amma Türkiyə ilə münasibətlərdə yarana biləcək gərginliklərin aradan qaldırılmasında Azərbaycan dövlətinin, o cümlədən Azərbaycanın dövlət başçısı İlham Əliyevin çox böyük imkanları var” - politoloq deyib.
Onun fikrincə, Azərbaycan və Rusiya dövlət başçıları arasında güvənə, qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər hər iki dövlətin xalqlarının müştərək xoşbəxt gələcəyə aparılmasında, bölgədə sülh və sabitliyin təmin olunmasında çox böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Rusiya BMT TŞ-də ya veto hüququnda istifadə edəcək, ya da elə bir mövqe nümayiş etdirəcək ki, Rusiya-Azərbaycan münasibətlərinin lehinə olacaq.
Elşən Manafov onu da qeyd edib ki, Ermənistanın indiki hakimiyyəti özünün qərbpərəst mövqeyi, KTMT-dən çıxa biləcəkləri barədə fikirləri ilə Rusiya siyasi hakimiyətini narazı salır:
“Amma hesab edirəm ki, Böyük Britaniya da BP-nin lobbiçiliyi ilə Ermənistanın maraqlarına cavab verməyən mövqe nümayiş etdirəcək. Çinin də bu məsələdə rasional davranacağını düşünürəm. Azərbaycan nəqliyyat dəhlizlərinin reallaşdırılması üçün strateji önəm daşıyır. Çin bu baxımdan ölkəmizlə bağlı məsələlərə diqqətlə yanaşır. ABŞ və Fransanın isə Ermənistanın mövqeyini nəzərə alacaq münasibət sərgiləyəcəklərinə şübhə etmirəm”.