BAKI, 16 avqust — Sputnik. Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə əməkdaşlığı işçi qüvvələrininin qarşılıqlı mübadiləsinə kömək edə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bir çox dost ölkələrdə dar profilli mütəxəssislər tələb olunur ki, onlara olan tələbat yalnız birgə səylərlə ödənilə bilər.
Rusiya
Hh.ru-nun Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Xarici İqtisadi Təhlükəsizlik və Gömrük İnstitutu ilə birgə araşdırmasına görə, Rusiyanın nəqliyyat-logistika sahəsində yeni iş yerlərinin sayı bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artıb, müraciət edənlərin sayı isə 10% azalıb.
"2023-cü ilin birinci yarısında işəgötürənlər ayda orta hesabla 131 min, ötən ilin yanvar-iyun aylarında isə 93 min yeni vakansiya yerləşdiriblər. Eyni zamanda, müqayisə olunan dövrdə aktiv CV-lərin sayı orta hesabla 489 min və 549 min olub. Beləliklə, yeni vakansiyaların sayı illik müqayisədə 40% artıb, müraciət edənlərin sayı isə 10% azalıb", - deyə institutun direktoru, iqtisad elmləri doktoru, dosent Tatyana Saurenko RİA Novosti-yə bildirib.
Bu sahədə ənənəvi olaraq sürücülərin və anbar işçilərinin çatışmazlığı var. Beynəlxalq logistika sahəsində mütəxəssislər də çatışmır. Bundan əlavə, bu sahədə gözlənilən əməkhaqlarının orta səviyyəsi ümumilikdə 17%, təklif olunan maaşların isə 18% artıb. "Rosstat"ın məlumatına görə, 2023-cü ildə Rusiyada orta əməkhaqqı 72 851 rubl (722,33 dollar və ya 1228 manat) təşkil edib.
Belarus
Belarus işçi qüvvəsinə ehtiyac duyur. Orada həkimlərin çatışmazlığı getdikcə artır. Sputnik Belarus xəbər verir ki, son bir ildə həkim-mütəxəssislər, feldşerlər və tibb bacıları peşələri ilə bağlı vakansiyaların sayı xeyli artıb.
Bu il iyunun 23-nə olan məlumata görə, Ümumrespublika Vakansiyalar Bankında "həkim-mütəxəssis" tələbi ilə axtarış 4945 nəticə verir. Bir il əvvəl, 2022-ci il iyunun 24-də 3863 boş yer olub, yəni bu kadrlara tələbat 1000-dən çox artıb.
Eyni zamanda, Minskdə cəmi 230 həkimə 2400 Belarus rublu və ya daha çox (1616 manat) orta əməkhaqqı təklif etməyə hazırdırlar. Səhiyyə sahəsində 1350-1400 Belarus rublu arasında orta əməkhaqqı 1147 mütəxəssisə təklif olunur.
Bundan əlavə, Belarusda 4 mindən çox tibb bacısı (bir il əvvəl - 3379) və demək olar ki, 1300 feldşer (bir il əvvəl - 1188) üçün vakansiyalar var. Tibb bacılarına və feldşerlərə 2000 rubla qədər (1347 manat), həkim köməkçilərinə isə 1500 rubla qədər pul ödəməyə hazırdırlar.
Qeyd edək ki, Belarusda nominal orta əməkhaqqı 1861,10 rubl (733,52 dollar və ya 1246,98 manat) təşkil edir.
Qazaxıstan
Qazaxıstanda da yol sahəsi üzrə kadr çatışmazlığı var: bu sahədə ümumilikdə iki mindən çox mütəxəssis çatışmır. Təkcə işçilər deyil, mühəndislər, laborantlar və tədqiqatçılara da ehtiyac var. "Xəbər 24" bildirib ki, yol işçilərinin işini aşağı maaşlı adlandırmaq olmaz.
Qazaxıstan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, kadrlara ən böyük ehtiyac kənd təsərrüfatında (13,3 min vakansiya), bir sıra xidmətlərin göstərilməsində (10,3 min vakansiya) və orta təhsil sahəsində (9,8 min vakansiya) qeydə alınıb.
Qeyd edək ki, Qazaxıstanda minimum əməkhaqqı ayda 70000 təngə (155 895 dollar və ya 265 manat), orta əməkhaqqı isə 342083 təngə (761 843 dollar və ya 1 293 manat) təşkil etdiyi halda, Azərbaycanda 2023-cü ilin iyul ayına orta nominal əməkhaqqı 916,8 manat təşkil edib.
Qırğızıstan
Qırğızıstanda iş yerlərinin qıtlığı yoxdur, lakin işçi çatışmazlığı var, müəyyən ixtisaslı işçilərin olmasına ehtiyac duyulur. Eyni zamanda qeyd etmək lazımdır ki, ölkənin bir milyona yaxın vətəndaşı xaricdə əmək miqrantıdır. Bir çoxu qazanc üçün Rusiyaya və digər ölkələrə gedirlər.
azərbaycan
Azərbaycanda işsizlik səviyyəsi azalmaqda davam edir. Buna baxmayaraq, hazırda rus dilini bilən müəllimlərin, rusdilli fənn müəllimlərinin kəskin çatışmazlığı hiss olunur. Bununla bağlı Azərbaycan Elm və Təhsil Nazirliyi hətta V.N.Tatişev adına Həştərxan Dövlət Universitetinə də rus sektoru üçün belə müəllimlərin hazırlanması üçün müraciət edib. Qeyd edək ki, 2022/2023-cü tədris ilində Bakıda müəllimlərin orta aylıq əməkhaqqı 909 manat (534,71 dollar) təşkil edib.
Aylıq maaşların xeyli yüksək olduğu ölkədə həkimlər, kənd təsərrüfatı sahəsində mütəxəssislər, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssis çatışmazlığı var.
"Biz sizə, siz bizə"
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov hesab edir ki, bəzi ölkələrdə çoxlu sayda işsizlərin, digər ölkələrdə isə boş iş yerlərinin olmasını nəzərə alsaq, dövlətlərarası kommunikasiyaların başlanması və işlə təmin olunmaq üçün vahid platformanın yaradılması ölkələr arasında işçi qüvvələrinin mübadiləsinə müsbət təsir göstərib.
Onun sözlərinə görə, bu gün ölkələr arasında əmək miqrasiyası tələb və təklif siyasətinə uyğun olaraq qurulur. Vaxtaşırı eşidirik ki, məsələn, Avropanın müəyyən ölkələrində bu və ya digər sahədə kifayət qədər mütəxəssis çatışmazlığı var. Belə ki, ən çox kadr çatışmazlığını Almaniya elan edir. Almaniayda xüsusən, informasiya-kommunikasiya texnologiyaları, həkim və mütəxəssislərin işə qəbulu ilə bağlı işçi qəbulu elan edilir. Dövlət əcnəbilərə xüsusi iş yerləri ilə təmin etməyi vəd edir və hətta mütəxəssislərə üstünlük verilən ölkələrin adlarını da çəkir. Bunlar əsasən Çin, Cənubi Koreya, Tayvan və Malayziyadan olan miqrantlardır.
"Aİİ-ə gəlincə, bu ittifaqa üzv olan ölkələr arasında işçi qüvvələrinin mübadiləsi bu və ya digər şəkildə həyata keçirilir. Məsələn, Rusiya əmək miqrantlarını cəlb etmək üçün müxtəlif proqramlar həyata keçirir, onlar üçün dil kursları təşkil edir, əcnəbilərə əmək patentlərinin alınması məsələlərində hüquqi yardım göstərir və s. Bu ittifaqın hər bir ölkəsində müxtəlif sahələrdə kifayət qədər kadr çatışmazlığı var. Bu, mühacirətin yüksək tempi ilə əlaqədardır. Müxtəlif sahələrdə işləyənlər bu və ya digər səbəbdən xaricə axın edirlər. Azərbaycanda da kadr çatışmazlığı var. Hər halda, Aİİ-nin hər bir ölkəsinin fərdi kadr potensialı işçi qüvvəsinin çatışmazlığını müstəqil şəkildə ödəyəcək səviyyədə deyil", - deyə ekspert bildirib.
Mövcud işçi qüvvəsinin köçürülməsi proqramları çox vaxt xüsusi ixtisas tələb etməyən sahələrdə kadrların artırılmasına yönəldilir. Məsələn, bu, Rusiya ilə Tacikistan arasında baş verir.
Allahverənov qeyd edib ki, elə sahələr var ki, orada kadrların azalması müəyyən səbəblərdən baş verir. Məsələn, xüsusi hərbi əməliyyat (XHƏ) başladıqdan sonra, 2022-ci ilin fevral ayında bir çox İT mütəxəssisləri yaşamaq və işləmək üçün müxtəlif ölkələrə, o cümlədən Azərbaycana köçüblər. Bununla belə, burada müəyyən pərakəndəlik mövcuddur.
"Hesab edirəm ki, müəyyən dövlətlərarası saziş olsaydı və birgə proqramlar hazırlansaydı, o zaman bu, ölkələrə daha çox fayda gətirərdi. Tutaq ki, Azərbaycanın müəyyən mütəxəssislərə ehtiyacı var və Aİİ-nin birində bununla bağlı potensial əmək miqrantlarının sayı var və onlar ölkəmizə gəlib işləyə bilərdilər. Eyni ilə başqa ölkələrdə də müvafiq vakansiyalar olarsa, Azərbaycandan energetika, neft-qaz sənayesi sahəsində çalışan kadrlar xaricdə iş tapa bilərdi".
Həmsöhbətimiz qeyd edib ki, vaxtilə Səudiyyə Ərəbistanında da oxşar təcrübə olub və Azərbaycandan həkimlər krallığa işləməyə gediblər. Bu proqram artıq beş ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində yüzlərlə Azərbaycan vətəndaşı xaricdə işləyib, eyni zamanda beynəlxalq təcrübəni öyrənmək imkanı qazanıb.
Aİİ işçi qüvvəsinin sərbəst hərəkəti üçün bir vasitə kimidir
Bu gün rəqəmlər Aİİ ölkələri arasında əməkdaşlığın effektivliyini göstərir. Belə ki, məsələn, Avrasiya İqtisadi İttifaqı dövlətlərinin məşğulluq xidmətlərində qeydiyyatda olan işsizlərin sayı 2023-cü ilin iyun ayının sonuna 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10,7% azalaraq 916,8 min nəfər olub. Bu barədə Avrasiya İqtisadi Komissiyasının Statistika Departamenti məlumat yayıb.
Bu dövrdə işsizlərin sayı işçi qüvvəsinin 1%-ni təşkil edib. 2022-ci ildə bu rəqəm 1,1% səviyyəsində olub.
İşçilərin - Aİİ üzv dövlətlərinin vətəndaşlarının birliyin başqa bir ölkəsində iş icazəsi almasına ehtiyac yoxdur. Əmək fəaliyyəti əmək və ya mülki hüquq müqaviləsi əsasında icazələr alınmadan həyata keçirilir. Təkcə əmək müqaviləsi ilə deyil, həm də mülki-hüquqi müqavilə əsasında işləmək imkanı üzv dövlətlərin vətəndaşları üçün mümkün məşğulluq dairəsini əhəmiyyətli dərəcədə genişləndirir.
Azərbaycanın Aİİ-yə marağı
Bakı Aİİ ilə daha sıx inteqrasiya perspektivini istisna etmir. Bunu may ayında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Onun sözlərinə görə, Aİİ çərçivəsində inteqrasiya istisna deyil, çünki Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir. Üzv ölkələrin üstünlükləri əlbəttə ki, cəlbedicidir. Lakin bu, müəyyən məhdudiyyətlər qoyur. İlham Əliyev onu da qeyd edib ki, Bakı dünyadakı vəziyyət və Azərbaycanın iqtisadi durumu ilə bağlı konkret vəziyyətdən çıxış edəcək. Ona görə də hər şeyi gələcək göstərəcək.
Sitat
"Hesab edirəm ki, Azərbaycanın ilk dəfə Aİİ sammitində iştirak etməsi bizim bu struktura marağımızdan, üzv ölkələrlə yaxınlaşmaq istəyimizdən xəbər verir", - deyə Azərbaycan prezidenti bildirib.
Onun sözlərinə görə, Bakının Ermənistan istisna olmaqla, Aİİ üzv dövlətləri ilə çoxtərəfli və ikitərəfli əməkdaşlıq tarixi var.