AZƏRBAYCAN XƏBƏRLƏRİ

Əliyev Putinə başsağlığı verib

Avqustun 14-də axşam saatlarında Mahaçqalanın kənarında avtoservis yanıb, bundan sonra yanğın yanacaqdoldurma məntəqəsinə keçib, nəticədə partlayış baş verib.
Sputnik
BAKI, 15 avqust - Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Bu barədə məlumatı Azərtac yayıb.
Başsağlığı müraciətində deyilir:

“Hörmətli Vladimir Vladimiroviç, Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim. Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm”.

Xatırladaq ki, avqustun 14-də axşam Mahaçqalanın kənarında avtoservis yanıb, bundan sonra yanğın yanacaqdoldurma məntəqəsinə keçib, partlayışla nəticələnib. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın sahəsinin 500 kvadratmetr olduğunu, yanğının 600 “kvadrat”da lokallaşdırıldığını bildirib. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, 30 nəfər ölüb, 75 nəfər yaralanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.