Aİ missiyası Ermənistan MN-in məlumatını yalanladı

Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Aİ missiyası Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulmayıb. Bu barədə Aİ-nin Ermənistandakı missiyası Ermənistan Müdafiə Nazirliyinin məlumatını "Twitter"-də cavablandırarkən bildirib.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Ermənistandakı Aİ müşahidəçiləri istiqamətində atəş açdığını bəyan edib.
"Heç bir EUMA patrulu atəşə məruz qalmayıb. Biz Ermənistan-Azərbaycan sərhədi boyunca əraziləri patrul edirik və Brüsseli hərbi hadisələr, o cümlədən məsuliyyət zonamızda baş verən atışmalarla bağlı məlumatlandırırıq", - məlumatda deyilir.
Azərbaycan Müdafiə Nazirliyi də Ermənistan MN-in iddialarına cavabında bildirib ki, avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşib. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.