İQTİSADİYYAT

Özbəkistan və ABŞ Transxəzər dəhlizi üzrə əməkdaşlıq imkanlarını müzakirə edirlər

Görüşdə Avropa və Asiya arasında beynəlxalq ticarətin inkişafı vasitəsilə davamlı iqtisadi artımın və rifahın təmin edilməsində nəqliyyat və logistikanın mühüm rolu vurğulanıb.
Sputnik
BAKI, 14 avqust — Sputnik. Özbəkistan və ABŞ-ın hökumət orqanları Çindən Qafqaz ölkələrindən keçməklə Avropaya uzanan Transxəzər dəhlizi üzrə əməkdaşlığın yeni formalarının imkanlarını müzakirə edirlər. Bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb..
Məlumata görə, avqustun 14-də Nəqliyyat Nazirliyinin, ABŞ-ın Özbəkistandakı səfirliyinin və Daşkənddəki USAID-in nümayəndələri əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Tərəflər Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında intermodal və multimodal transsərhəd və tranzit nəqliyyat xidmətlərinin inkişaf etdirilməsi, Transxəzər dəhlizi boyunca yeni qarşılıqlı fəaliyyət formalarının yaradılması imkanlarını müzakirə ediblər", - məlumatda deyilir.
Bildirilib ki, görüşdə Avropa və Asiya arasında beynəlxalq ticarətin inkişafı vasitəsilə davamlı iqtisadi artımın və rifahın təmin edilməsində nəqliyyat və logistikanın mühüm rolu vurğulanıb.
İyun ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən "Mərkəzi Asiya+Aİ" sammitində çıxış edərkən bildirmişdi ki, Transxəzər tranzit dəhlizindən istifadə potensialını artırmaq lazımdır, çünki onun tarifləri Rusiyanın iştirakı ilə mövcud olan alternativ Şimal-Cənub marşrutundan dəfələrlə yüksəkdir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dəniz vasitəsilə Avropa ölkələrinə qədər uzanır.