TƏHSİL

Bu gündən kolleclərə sənəd qəbulu başlayır

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Sputnik
BAKI, 14 avqust — Sputnik. Bu gün saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Elektron sistem üzrə qeydiyyat 23 avqust saat 18:00-da yekunlaşacaq.
Müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatları təsdiq edilir. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Qeyd edək ki, qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.