BAKI, 14 avqust - Sputnik. “Ermənistanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar müraciətinin BMT Təhlükəsizlik Şurasında nəzərə alınacağı ehtimalı cüzidir”.
“Report” xəbər verir ki, bunu britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.
Onun sözlərinə görə, vəziyyətə tam və hərtərəfli baxılmasa, bu, humanizm və sülh prinsiplərinə əsaslanan BMT Nizamnaməsini pozacaq.
Politoloq vurğulayıb ki, Ermənistan iqtisadi rifahını təmin etmək üçün əsas amil kimi Azərbaycanla münasibətlərin normallaşdırılmasının vacibliyini dərk edir: "Ermənistan rəhbərliyi anlayır ki, ən yaxşı və rasional yol Azərbaycanla sülh sazişinin imzalanmasıdır. Lakin ölkə daxilindəki müəyyən qruplar, erməni diasporu, həmçinin Rusiya və İran kimi ölkələr yenidən dalana dirənmiş vəziyyət yaranmasını istəyirlər. Bu vəziyyətdə nə müharibə, nə də sülh var. Belə olan halda isə heç bir nəticəyə varıla bilməz”.
N.Vatsonun fikrincə, Nikol Paşinyan passiv siyasətçidir: “Onun qarşısında demək olar ki, həlli mümkün olmayan vəzifə dayanıb. O, öz həmvətənlərini oyunun bitdiyinə inandırmalıdır”.