QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan Kəlbəcərdə təxribat törədib, atəş nöqtələri susdurulub - Müdafiə Nazirliyi

Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.
Sputnik
BAKI, 14 avqust - Sputnik. Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.
Azərbaycan Müdafiə Nazirliyinin bu barədə məlumatında deyilir:
"Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb".
14.08.23, 18:36
"Qanunsuz erməni silahlıları ərazidə səngərlər qazır, minalar basdırır"
Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub.
Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olmuşdur. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir.
Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur.
Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.