BAKI, 12 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib.
Nazirlikdən bildirilib ki, isti yay günlərində əhalinin xüsusilə həftəsonları istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də dənizdir.
Qeyd edilib ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi insanlar tərəfindən çimərliklərlə bağlı təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur.
FHN yuxarıda qeyd olunanlarla bağlı xüsusilə həftəsonu insanların istirahət üçün kütləvi şəkildə dənizə üz tutmasını nəzərə alaraq, əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Belə ki, aşağıdakılar qadağandır:
- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;
- suda kobud hərəkətlər etmək;
- çimərlikdə balıq tutmaq;
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Bununla yanaşı nazirlikdən vurğulanıb ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
Həmçinin bildirilib ki, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!