BAKI, 12 avqust - Sputnik. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə qərarına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xidmətlər xərfində dəyişikliklər edilərək tibbi xidmətlərin sayı və çeşidi artırılıb, eləcə də bəzi xidmətlərin qiyməti yenilənib.
Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3 344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.
Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub.