BAKI, 11 avqust - Sputnik. "II qrupda 290 baldan yuxarı nəticə göstərən abituriyentlər ödənişsiz təhsil alacaq".
"Report"un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"II qrupda dövlət sifarişli yerlərin sayı 4 325-dir. Dövlət sifarişli yerlərə 300 baldan yuxarı nəticə göstərən 4 126 nəfər var. 290 baldan yuxarı nəticə göstərən insanların dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq imkanı olacaq. Bu, yalnız II qrupa aiddir. Çünki burada belə müsabiqə vəziyyəti yaranıb", - DİM sədri bildirib.
DİM sədri deyib ki, II qrupda 200 yox, 150 baldan yuxarı nəticə göstərənlər abituriyentlər marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili üzrə yerlərə sənəd verə bilərlər. Belə yerlərin sayı 4760-dır. Müsabiqəyə isə 6 min 803 nəfər buraxılıb. II qrupda ümumi plan yerləri 13 min 285-dir. Ümumi müqayisədə hər müsabiqəyə buraxılan şəxs üçün ən azı 2 yer var".
"Keçən il ən yüksək nəticə göstərən abituriyentlər UNEC-in "maliyyə" ixtisasını seçirdilər. Bu il bizdə abituriyentlərin sayı da artıb", - o, əlavə edib.