BAKI, 11 avqust - Sputnik. Gürcüstanda torpaq sürüşməsinin olduğu Oni bələdiyyəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze məlumat verib.
Mövcud məlumata görə, hazırda 9 nəfərin axtarışları davam etdirilir.
12:25
Gürcüstanda torpaq sürüşməsinin baş verdiyi Oni bələdiyyəsində daha bir nəfərin meyiti tapılıb.
Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili meyitin çayın yatağında aşkar edildiyini, hazırda ekshumasiya işlərinin davam etdirildiyini bildirib. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Temur Mğebrişvili sürüşmə zonasında həmçinin aşağı ətrafların aşkarlandığını, itkin düşən 11 nəfərin axtarışlarının davam etdirildiyini qeyd edib.
Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş təbii fəlakətlə əlaqədar avqustun 7-də Gürcüstanda matəm günü elan edilib.
09.08.23, 14:55
Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb. Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili məlumat verib.
Temur Mqebrişvili qeyd edib ki, sürüşmənin olduğu doqquz nöqtədə axtarış-xilasetmə əməliyyatları intensiv şəkildə davam etdirilir və artıq böyük bir ərazidə yoxlamalar başa çatıb.
O, havanın temperaturunun yüksək olması səbəbindən müəyyən xəstəliklərin yaranması təhlükəsinin mövcudluğunu əlavə edib.
09.08.23, 12:05
Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, fəlakət zonasında axtarış əməliyyatlarının ərazisi genişlənməkdədir.
İtkin düşən daha bir neçə nəfərin axtarışlarının davam etdirildiyi qeyd olunub.
Təbii fəlakətlə əlaqədar avqustun 7-si Gürcüstanda matəm günü elan edilib.
08.08.23, 12:16
Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş vermiş torpaq sürüşməsində ölənlərin sayı 19 nəfərə çatıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, fəlakət bölgəsində daha 16 nəfərin axtarışları davam etdirilir.
07.08.23, 06:48
Gürcüstanda torpaq sürüşməsi nəticəsində Şovi kurortu tamamilə dağılıb.
Bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.
“Birbaşa deyə bilərik ki, Şovi artıq yoxdur, o, tamamilə dağılıb”, – mer deyib.
Qeyd edək ki, avqustun 5-də gecə saatlarında daha bir nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da təbii fəlakət qurbanlarının sayı 17-yə çatıb.
Xatırladaq ki, avqustun 3-də günorta saatlarında “Sunset Shovi” otelinin ərazisində torpaq sürüşməsi baş verib, nəticədə otelə gedən körpülər və yollar dağılıb. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Şovidə torpaq sürüşməsi zamanı insanların həlak olması ilə əlaqədar avqustun 7-ni matəm günü elan edib. Avqustun 4-də Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze bildirib ki, xilasedicilər sürüşmə zonasında olan 50-yə yaxın insanla əlaqə yarada bilməyiblər.
06.08.23, 18:32
Gürcüstanın Oni bələdiyyəsində torpaq sürüşməsi nəticəsində itkin düşən 18 yaşlı azərbaycanlı Samirə İsayevanın meyiti tapılıb.
Bu barədə onun qardaşı İsgəndər İsayev "İnfo Rustavi"yə açıqlamasında bildirib.
O, bu gün səhər meyitin tapılması ilə bağlı ailəsinə məlumat verildiyini bildirib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində ölənlərin say 18 nəfərə çatıb.
Müdafiə naziri Cuanşer Burçuladze isə təbii fəlakət zonasından bir neçə azyaşlının cəsədinin tapıldığını deyib.
05.08.23, 21:00
Gürcüstanın Oni bələdiyyəsində torpaq sürüşməsi nəticəsində itkin düşən daha 2 nəfərin meyiti tapılıb.
Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetməsi xidmətinin rəhbəri Temur Mqebrişvili təsdiqləyib. Bununla da təbii fəlakət nəticəsinsə ölənlərin sayı 17 nəfərə çatıb. 18 nəfərin axtarışları davam etdirilir.
***
Gürcüstanın yüksək dağlıq ərazisində yerləşən Şovi kurort bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Sputnik Gürcüstan-ın yazdığına görə, xilasedicilər daha 21 nəfərin axtarışlarını davam etdirirlər.
Avqustun 3-də Şovidə irimiqyaslı torpaq sürüşməsi baş verib. Nəticədə körpülərə və yollara, həmçinin turist kotteclərinə və otelə ciddi ziyan dəyib. Xilasetmə əməliyyatında 4 helikopter, həmçinin 400 yanğınsöndürən və xilasedici iştirak edir. Təbii fəlakət bölgəsindən indiyədək 210 nəfər təxliyə olunub.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili avqustun 7-ni respublikada matəm günü elan edib.