BAKI, 11 avqust - Sputnik. Ədliyyə Nazirliyinin idarəçilik mexanizmləri təkmilləşdirilir, bir sıra rəhbər vəzifələrə təyinatlar olub.
Bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ədliyyə sahəsində aparılan islahatlar çərçivəsində Ədliyyə Nazirliyi Aparatının yeni strukturu təsdiq olunub.
Belə ki, ədliyyə nazirinin əmri ilə nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə Cavid Hüseynov təyin edilib. C.Hüseynov 2000-ci ildə ədliyyə orqanlarında işə başlayıb, sonradan Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri olub, II dərəcəli dövlət müşaviridir. Məhkəmə-Hüquq Şurasının və nazirliyin Kollegiyasının üzvüdür. C.Hüseynov Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətinə görə orden və medallarla təltif olunub.
Eyni zamanda ədliyyə nazirinin digər əmri ilə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsinə hakimlik təcrübəsi və əvvəllər də bu qurumda çalışması nəzərə alınaraq III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Qasımov təyin edilib. E.Qasımov nazirliyin aparatında müxtəlif məsul vəzifələrdə işləyib, sonradan nazirlikdə baş idarə rəisi vəzifəsində çalışıb. Bundan başqa, Ədliyyə Nazirliyinin bir sıra yerli icra və probasiya, həmçinin qeydiyyat qurumlarında da rəhbər vəzifələrə təyinat aparılıb.
A.Sabitov həmçinin bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında müasir düşüncəli və hazırlıqlı gənclərin qulluğa qəbuluna xüsusi önəm verilir:
"Bununla bağlı seçim prosesi fasiləsiz aparılaraq davamlı müsabiqələr keçirilir və qulluğa qəbul olunmuş gənc ədliyyə işçilərinin hərtərəfli peşəkar inkişaflarına daim diqqət yetirilir. Növbəti bir qrup namizədlərlə keçirilmiş sonuncu imtahandan uğur qazanmış 60-dan çox hüquqşünasla hazırda müsabiqənin növbəti mərhələsinin keçirilməsinə başlanılacaq. Penitensiar Xidmətdə də kadr işinin təşkili yeni çağırışlara uyğun təkmilləşdirilir. Xidmətin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında zəruri peşə keyfiyyətlərinə malik işçilərlə komplektləşdirilməsi məqsədilə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin də üzvü olduğu qulluğa qəbul üzrə Müsabiqə komissiyasının genişləndirilmiş yeni tərkibi təsdiqlənib".