İQTİSADİYYAT

Azərbaycanda xarici siqaretlər nə qədər bahalaşıb - Qiymətlər

2023-cü ilin yanvar-may aylarında Azərbaycana 1 milyon 712 min dollar dəyərində 73,8 milyon ədəd siqaret idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 32%, dəyər ifadəsində isə 47,8% çoxdur.
Sputnik
BAKI, 11 avqust — Sputnik. Son illərdə Azərbaycana xaricdən idxal edilən siqaretlərin orta aylıq pərakəndə satış qiymətində bahalaşma qeydə alınıb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2019-cu ildən bəri xaricdən idxal edilən filtrli siqaretlərin orta aylıq pərakəndə satış qiyməti Azərbaycanda davamlı olaraq artıb.
Belə ki, idxal edilən 1 qutu filtrli siqaretin orta aylıq pərakəndə satış qiyməti 2019-cu ilin yanvar ayında 1,93 manat idisə, 2020-ci ilin yanvarında bu rəqəm 2,17 manat, 2021-ci ilin yanvarında 2,58 manat, 2022-ci ilin yanvarında 2,94 manat, 2023-cü ilin yanvar ayında isə 3,04 manat təşkil edib.
Son 10 ildə idxal siqaretlərin orta qiyməti 2,6 dəfə artıb
Başqa sözlə, 2019-cu ildən etibarən ölkədə idxal siqaretlərin orta aylıq pərakəndə satış qiyməti 1,11 manat və ya 57,5% artıb. Son 10 ildə isə idxal siqaretlərin orta aylıq qiyməti 1,87 manat və ya 2,6 dəfə artıb. 2014-cü ilin yanvar ayında idxal edilən 1 qutu filtrli siqaretin orta aylıq pərakəndə satış qiyməti 1,17 manat idi.
Siqaret idxalında və yerli siqaret istehsalında artım var
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycana 1 milyon 712 min dollar dəyərində 73,8 milyon ədəd siqaret idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 32%, dəyər ifadəsində isə 47,8% çoxdur.
Ölkədə yerli siqaret istehsalında da artım müşahidə edilir. Belə ki, cari ilin yanvar-iyun aylarında ölkədə siqaret istehsalı 21,4% artıb. 2023-cü il iyul ayının 1-nə kimi 2,9 min hektar sahədə tütün əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.
Yerli istehsalın rəqabət qabiliyyəti artırılır
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" Sərəncam imzalayıb. Məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, qanunla müəyyən edilmiş dövlət ödənişlərinin icra edilməsi üçün fiskal nəzarət tədbirlərinin gücləndirilməsidir.
Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir:
tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi,
tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi,
qanunvericiliyin tələblərini pozmaqla tütün məmulatlarının və alkoqollu içkilərin idxalını və istehsalını həyata keçirən şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi,
İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələblərin müəyyən edilməsi,
İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Azərbaycanın siqaret ixracı da artıb
Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycandan 4 milyon 766,72 min dollar dəyərində 633,72 milyon ədəd siqaret ixrac edilib. Bu, 2021-ci illə müqayisədə dəyər baxımından 2,68 dəfə, miqdar baxımından isə 2 dəfə çoxdur.
Ötən il Azərbaycanda 13 milyard 299 milyon ədəd papiros, siqaretlər və 4164 ton fermentləşdirilmiş tütün istehsal edilib.
İQTİSADİYYAT
Azərbaycan hansı ölkələrə siqaret ixrac edib - CƏDVƏL
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.