BAKI, 10 avqust — Sputnik. İlk daşı düz 850 il əvvəl qoyulmuş Piza qülləsi ildə millimetrin onda bir neçə hissəsi ilə dikəlməkdə davam edir.
Mərkəzi Piza Möcüzələr Meydanındakı abidələr kompleksinin nümayəndəsi Matilde Meuççi, bu barədə "RİA Novosti"yə məlumat verib.
"Piza qülləsi əla vəziyyətdədir, o, santimetrlərlə dikəlməyə davam edir, həm yerdən, həm də peyklərdən izlənilir. Bu proses ildə millimetrin onda bir neçə hissəsi ilə davam edir", - deyə agentliyin həmsöhbəti bildirib.
1990-cı ildə qüllə yıxıla biləcəyi qorxusuna görə ilk dəfə turistlər üçün bağlanıb. O vaxtdan bəri təməlin möhkəmləndirilməsi və əks çəkilərin quraşdırılması üzərində iş başlanıb. 2001-ci ildə isə İtaliyanın simvollarından biri yenidən turistlərin üzünə açılıb. Meuççinin sözlərinə görə, stabilləşmə sayəsində mərkəzi oxdan kənarlaşma ümumilikdə 46 santimetr azalıb.
Meuççi deyib ki, yubiley və turistlərin geri qayıtması qülləni pandemiyadan əvvəlkindən daha da populyar edib.
"Turistlərin girişi onun ölçüsünə görə məhduddur, lakin 2022-ci ildə 520 min insan ona qalxıb. Turist axını tam bərpa olunub", - deyə kompleksin nümayəndəsi bildirib.
Pizada qüllənin ilk daşının qoyulduğu gün, günorta saatlarında zəng çalınması və axşam işıqlandırılması ilə qeyd olunacaq. Həmin axşam meydanda iranlı pianoçu Ramin Bəhraminin açıq havada konserti olacaq. Abidənin təməlqoyma mərasimi ilə bağlı tədbirlər il boyu davam edəcək, seminarlar, sərgilər və musiqi çıxışları təşkil edəcək.
Memarlıq ansamblında zəng qülləsi olan qüllə iki əsr sonra, yalnız 1370-ci ildə tamamlanıb. Tədqiqatçılar hələ də onun məşhur əyriliyinin haradan qaynaqlandığı barədə mübahisə edirlər. Ən inandırıcı versiya kiçik üç metrlik təməl və zəif torpaq birləşməsi hesab olunur.